Aqroturizmin inkişaf etdirilməsi üçün bələdçi kitabı hazırlanıb
Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizm yönümlü fəaliyyətlərin birləşməsindən yaranan aqroturizm imkanlarından istifadəni təşviq məqsədilə “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı” hazırlanıb.
Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, kitab aqroturizm fəaliyyətinə başlamaq istəyən və ya artıq bu cür xidmətləri təqdim edən fermer və sahibkara aqroturizm xidmətlərinin göstərilməsi və təşkili üçün lazımi məlumatların və bilgilərin verilməsi ilə onları düzgün istiqamətləndirmək və maarifləndirmək məqsədi daşıyır.
Kitabda aqroturizm konsepsiyası, bu fəaliyyətə başlamaq üçün kəndlərdə və təsərrüfatlarda olan turizm resursların qiymətləndirilməsi, turistlərin aqroturizmdən gözləntiləri, turistlərin davamlılığını təmin edən amillər, tanıtım və marketinq fəaliyyəti, yerləşdirmə vasitələrini təşkil etmək və etiket qaydaları, təhlillərin aparılması metodları, bu sahədə mövcud qanunvericilik, dövlət tərəfindən təklif olunan dəstək və güzəştlər, eləcə də aqroturizmdə əhəmiyyət kəsb edən bir sıra digər amillər izah olunur.
Kitabın hazırlanması prosesində Lənkəran, Gədəbəy, Daşkəsən, Tovuz və Göygöl rayonlarından ümumilikdə 10 kənd olmaqla 15 fermer ilə müzakirələr aparılıb, həmçinin dünya təcrübəsi və bu sahə üzrə ixtisaslaşmış ölkələrin təcrübəsi nəzərdən keçirilib.
İlkin olaraq 100 ədəd çap edilən kitabın fermerlərə paylanılması nəzərdə tutulub.
Qeyd edək ki, aqroturizmin inkişafı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş öhdəliklər sırasındadır.
Azərbaycanın geniş aqroturizm imkanlarından istifadənin əsas məqsədi turistlərin regionlara cəlb edilməsi, maddi rifah halının yüksəldilməsi, məşğulluq imkanlarının yaradılması, dayanıqlı turizm potensialının gücləndirilməsi və kənd ərazilərinin sosial-iqtisadi inkişafına nail olmaqdır.
Kitabı elektron formada əldə etmək üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3ofeKuY