ASAN könüllüləri “Murov qartalı” şəhid polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsini yad ediblər

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, “ASAN Könüllüləri” Təşkilatının və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə Ağdamda yerləşən Şahbulaq ərazisində və vaxtılə Raquf Orucovun komandirlik etdiyi N saylı hərbi hissədə “Murov qartalı” şəhid Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir hərbi orkestrin Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Komandir” romanının müəllifi Şərif Ağayar, Qarabağ qazisi Səyyaf Əhmədov, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Etibar Camalov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Həmkarlar Komitəsinin sədri Rəşad Səfərov və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd böyük zəfərin başlanğıcı olan Aprel döyüşlərində qəhrəmancasına şəhid olan “Murov qartalı” ləqəbi ilə yaddaşımıza həkk olunan polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsini yad etməkdir.

Daha sonra könüllülər Raquf Orucovun hərbi xidmət yoldaşları ilə görüşüblər. Onlar Raquf Orucovla bağlı xatirələrindən danışaraq onun necə mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildiriblər.

Tədbir çərçivəsində, həmçinin “N” saylı hərbi hissədə xidmət göstərən cəsur əsgərlərimizə “Əsgərə Məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanan məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar təqdim olunub.

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: