EventsFestivallarIqtisadiyyatMobil dünyaTəqdimatƏn SonƏn Son

“ASAN xidmət” yenidən “TEKNOFEST”də təmsil olunur

Avqustun 30-da Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) başlayıb. Festival “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

2018-ci ildən etibarən təşkil olunan “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi mayın 26-dan 29-dək Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalının tərəfdaşı olub və stendlə təmsil olunub. Bu dəfə isə “ASAN xidmət” Türkiyədə təşkil edilən festivalda ilk dəfə stend ilə təmsil olunur.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a verilən xəbərə görə, qurumun sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara “ASAN xidmət” stendi barədə ətraflı məlumat verib.

Stenddə Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin – “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur. Stend “ABB” Açıq Səhmdar Cəmiyyətinin maliyyə tərəfdaşlığı ilə təqdim olunur.

Festival günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar “ASAN xidmət” avtobusu vasitəsilə xidmət də göstərilir.

“ASAN Radio” sentyabrın 4-dək davam edəcək festivaldan mütəmadi canlı yayım və reportajlar yayımlayacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!