Baku City CircuitFormula 1GimnastikaIdman

Azərbaycan bu il bir sıra mötəbər idman yarışlarına ev sahibliyi edəcək

Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyir. Bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Belə ki, 2018-ci ildə də ölkəmiz müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək.

Frame.az xəbər verir ki, bu il ölkəmizdə keçiriləcək və dünyanın diqqətini cəlb edəcək ən əhəmiyyətli idman tədbirlərindən biri Formula-1 Azərbaycan Qran-Prisi olacaq. Bu möhtəşəm yarış aprelin 27-29-da təşkil ediləcək.

Bundan başqa, iyunun 5-9-da ölkəmizdə Beynəlxalq Velosipedçilər İttifaqının velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı təşkil olunacaq.

Cari il ölkəmiz, həmçinin martın 15-18-də idman gimnastikası üzrə dünya kubokuna, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Eyni zamanda, aprelin 27-29-da Bakı şəhərində bədii gimnastika üzrə dünya kubokunun, iyunun 22-23-də isə yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışların təşkili planlaşdırılır. Beynəlxalq Gimnastika Federasiyasının ali orqanı olan Konqresin 82-ci iclasının dekabrda Azərbaycanın paytaxtı Bakıda keçirilməsi də nəzərdə tutulur.

Bu il Bakıda keçiriləcək digər böyük idman yarışları sırasında mayda kapoeyra idman növü üzrə və sentyabrda cüdo üzrə dünya çempionatları da var.

2018-ci ildə ölkəmiz üçün gözlənilən ən mühüm idman tədbirlərindən biri də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabrda keçiriləcək Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) İcraiyyə Komitəsi və Təsisçilərin Ümumi Yığıncağı olacaq.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin dördüncü sessiyasının apreldə Bakıda həyata keçirilməsi də bu il gözlənilən tədbirlər sırasındadır.

Həmçinin 2018-ci ildə Azərbaycanda “Birinci Türk Universitetləri İdman Oyunlarının (Türk Universiadası)” təşkili nəzərdə tutulur.

Daha bir önəmli tədbiri də qeyd etmək mütləqdir – belə ki, dünyada ilk dəfə Xüsusi Olimpiya Komitəsinin Forumunun da bu il Bakıda təşkili planlaşdırılır.

Ümid edirik ki, böyük idman yarışları və tədbirləri bu il də Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!