Azərbaycan ilə Gürcüstan turizm nümayəndələri birgə turları müzakirə ediblər
Aprelin 20-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və Tbilisi şəhərində yerləşən “Azerbaijan.Travel” qonaq mərkəzinin dəstəyi ilə iki ölkə arasında birgə turların inkişafından bəhs edən vebinar keçirilib.
Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilir ki, Azərbaycan Turizm Bürosu və Gürcüstan Milli Turizm Administrasiyasının nümayəndələrinin iştirak etdiyi görüşdə müştərək turizm məhsulları barədə ideyalar və birgə turları uzunmüddətli səyahətçilər üçün cəlbedici etmək planları müzakirə olunub.
Müzakirələr mədəni və tarixi irs, sağlamlıq, qastronomiya, macəra turizmi, quş müşahidəçiliyi, trans-Qafqaz haykinq yolları, “İter Vitis Qafqaz” şərab marşrutu, “Əli və Nino” turizm marşrutu və digər məhsullar üzrə mövzuları əhatə edib.
“Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” çərçivəsində keçirilən onlayn görüşdə Gürcüstanın turizm şirkətləri və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatları da iştirak ediblər.
Qeyd edək ki, layihəyə əsasən planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.