Azərbaycan komandası “European Gym for Life Challenge” festivalında ikinci olub

İyulun 10-dan 14-dək İsveçrənin Nevşatel şəhəri Avropa Gimnastikasının təşkilatçılığı ilə “European Gym for Life Challenge” yarışına ev sahibliyi edib.

“Gimnastika hamı üçün” növü üzrə sayca 3-cü dəfə keçirilən kütləvi idman festivalında 12 ölkədən 873 gimnast 31 qrup tərkibində mübarizə aparıb. Yarışda ölkəmizi “Moonlight” adlı komandamız təmsil edib. İştirakçıların bir-birindən maraqlı və rəngarəng kompozisiyaları əsasən müxtəliflik, texnika, təhlükəsizlik, orijinallıq, ümumi təəssürat və əyləncə meyarlarına görə dəyərləndirilib.

Qeyd edək ki, bu növ yarışlarda bütün iştirakçılar qalib hesab olunaraq, onlara qızıl, gümüş və bürünc medallar təqdim edilir. Azərbaycanın 33 idmançısının yer aldığı “Moonlight” adlı komandası milli və əcnəbi musiqi sədaları altında parlaq çıxışları ilə ən yaxşılardan seçilərək gümüş medala layiq görülüb. Komandamızın heyətində nəinki paytaxt idmançıları, həmçinin Naxçıvan MR və Zaqatalanı təmsil edən bölgə gimnastları da yer alıblar.

Xatırladaq ki, 2018-ci ildə Belçikada keçirilən “European Gym for Life Challenge” yarışında və 2017-ci ildə Norveçdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təşkil etdiyi “World Gym for Life Challenge” festivalında Azərbaycan təmsilçiləri qızıl medal əldə etmişdilər.
Qeyd edək ki, bugünlərdə eyni şəhərdə keçiriləcək “EUROGYM” yarışında Azərbaycanın “Flame” adlı komandası çıxış edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: