Azərbaycanda vaksinasiya prosesi başlayıb
Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaqlar.
Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavinləri Viktor Qasımov, Elsevər Ağayev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva peyvənd olunublar.