Azərbaycanda valideynlər övladlarına ilk dəfə qadceti 2 yaşında verirlər
Kaspersky-nin araşdırmasına* görə, respondentlərin 31%-i övladına ilk dəfə 2-3 yaşında, demək olar ki dörddə biri (23%) isə 4-6 yaşında elektron cihaz veriblər. Eyni zamanda, uşaqların üçdə biri (35%) artıq 7-11 yaşlarında, hər dördüncüsü (27%) isə 12-15 yaşlarında öz telefon və ya planşetinə sahibdirlər.
Həmçinin, hər on uşaqdan dördü (41%) qadcetdən hər gün 1-2 saat istifadə edir – onlayn oyunlar oynayır, cizgi filmləri və ya maarifləndirici proqramlara baxır. Hər beşinci uşaq (20%), demək olar ki, bütün boş vaxtını telefon və ya planşetlə keçirir. Araşdırma həmçinin müəyyən edib ki, valideynlərin üçdə ikisi (76%) övladlarının internetdə keçirdiyi vaxta məhdudiyyət qoyur, 79 faizi isə uşaqlarının onlayn fəaliyyətinə nəzarət edir. Öz növbəsində ana və ataların 44%-i 6 yaşından kiçik uşağı yolda məşğul etmək üçün cihazlardan istifadə edir.
“Əlbəttə ki, qadcetlərdən erkən istifadə uşaqların texnologiya dünyasına uyğunlaşmasına kömək edə bilər. Buna baxmayaraq, ümumi ekran vaxtına və onlayn davranışa nəzarət etmək vacibdir: müəyyən yaşa qədər valideynlər övladlarının internetdə dəqiq nə ilə məşğul olduğunu, kiminlə ünsiyyət qurduğunu bilməlidirlər. Ümumiyyətlə, ilk smartfonun təqdimatı rəqəmsal təhlükəsizliyin əsas qaydaları haqqında qısa məlumatlandırma ilə müşayiət oluna bilər. Uşaqların müəyyən məzmuna çıxışını məhdudlaşdırmaq və ekran vaxtına nəzarət etmək üçün istifadə oluna biləcək valideyn nəzarəti həllinin quraşdırılması da tövsiyə olunur”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
Qadceti olan uşağa nə haqda danışmaq lazımdır?
İnternetdə qarşılaşdığı səxavətli təkliflərə və ya qorxulu mesajlara cavab verməsin;
Heç kimə öz şəxsi məlumatlarını ötürməsin (yaşadığı yer, tez-tez getdiyi məkan, telefon və ya məktəb nömrəsi);
Şübhəli məktublar və mesajlardan gələn keçidlərə və şübhəli bannerlərə klikləməsin;
Bütün hesablar üçün mürəkkəb (ən az 12 simvoldan – böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət) və müxtəlif şifrələrdən istifadə etsin;
Şəbəkədə qarşılaşdığı təhqiredici mesajlara və təcavüzkara cavab verməsin, onları qara siyahıya əlavə etsin. Əgər təhqir ciddidirsə, bu barədə valideynlərinə danışmaqdan çəkinməsin;
Şübhəli saytlardan proqram və oyunları yükləməsin: onlar virusları gizlədə bilər;
Mütəmadi olaraq (valideynlərin köməyi ilə) smartfonundakı proqramları yeniləsin.
*Araşdırma ERA Marketing Center tərəfindən 2022-ci ilin dekabr ayında aparılıb. Kiberfırıldaqçılıqla üzləşmiş Bakı, Gəncə və Sumqayıt şəhərlərinin sakinləri arasında üzbəüz metoddan istifadə etməklə müsahibə aparılıb. Müsahibədə yaşı 18-dən yuxarı olan 300 nəfər iştirak edib.