Mobil dünyaTəqdimat

Azərbaycanda uşaqları ilə onlayn təhlükəsizlik qaydalarını müzakirə etməyən valideynlər var

Rəqəmsal dünya bir çox təhlükə və təhdidlərlə doludur. Bununla belə, “Kaspersky” tərəfindən aparılan sorğuya* əsasən, azərbaycanlı valideynlərin dörddə birindən çoxu (27%) uşaqları ilə yad adamlara cavab verməmək və özləri haqqında həddən artıq məlumat paylaşmamaq (oversharing) kimi onlayn təhlükəsizlik qaydalarını müzakirə etməyib. Təxminən eyni sayda respondent (28%) uşaqlara onlayn etika qaydalarını da izah etməyib – məsələn, təhqir yazmamaq və xoşagəlməz fotolar yerləşdirməmmək. Bu barədə 1 sentyabr 2023-cü il tarixində Bakıda keçirilən “Kaspersky Cyber ​​Knowledge Day” adlı mətbuat konfransı zamanı məlumat verilib.

Təxminən hər beş respondentdən biri övladının sosial şəbəkələrdə öz səhifələrinə malik olduğunu bildirib. Amma respondentlərin yalnız yarısı (53%) sosial media səhifələrində övladları haqqında hansı məlumatların ictimaiyyətə açıq şəkildə paylaşıldığından xəbərdardırlar. Bunlar əsasən hobbi və şəxsi fotoşəkillər (41%), yaş (26%), mobil telefon nömrəsi və məktəb nömrəsidir (15%).

Şəbəkədə “oversharing” vərdişi valideynlərə xasdır. Demək olar ki, hər ikinci azərbaycanlı valideyn sosial şəbəkələrdəki səhifələrində uşaqlarının fotolarını, videolarını və ya onlar haqqında məlumatları yerləşdirir (41%). Respondentlər ən çox öz paylaşımlarında uşaqlarının hobbilərini qeyd edirlər (35%). Həmçinin öz səhifələrində övladlarının həyatından hekayələr (29%), onların adları (25%), fotoşəkillərinin çəkildiyi yerlərin geolokasiyası (20%) və təhsil aldıqları müəssisənin adını (15%) dərc edirlər.

Valideynlər uşaqlarını onlayn təhdidlərdən qorumaq üçün nə edirlər. Övladını internetdəki risklərdən qorumaq üçün hər iki nəfərdən biri onun internetdə keçirdiyi vaxtı məhdudlaşdırır, 43% onun onlayn olduğu vaxt müddətinə nəzarət etməyə çalışır, 37% isə onlara onlayn təhdidlər haqqında danışır. Eyni zamanda, hər on nəfərdən biri yad şəxslərin övladının etibarını qazanmağa çalışdığı hallar barədə məlumatlı olduğunu bildirib (10%), digər 20% isə uşaqlarının belə bir hadisə ilə üzləşib-üzləşmədiyi barədə suala dəqiq cavab verə bilməyib.

“Özümüz haqqında nə qədər çox məlumatı ictimaiyyətə açıq mənbələrə yerləşdirsək, potensial qurbanın rəqəmsal portretini çəkmək üçün bu cür məlumatlardan istifadə edən fırıldaqçıların qurbanı olmaq şansımız bir o qədər yüksək olar. Təcavüzkarlar hobbi, təhsil və ya istirahət yerləri haqqında məlumatlardan istifadə edərək uşağın etibarını qazanmaq üçün inandırıcı əfsanələr uydura bilərlər. Bu, hesabların, bank məlumatlarının və digər şəxsi məlumatların oğurlanmasına səbəb olmaqla yanaşı, həm də uşaqların onlayn təzyiq, şantaj və ciddi mənəvi və emosional zərərlə üzləşməsinə səbəb ola bilər”, – deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

“Ona görə də həm uşaqların, həm də onların valideynlərinin bu cür risklərdən xəbərdar olması çox vacibdir. Biz böyüklərə uşaqlarla rəqəmsal məxfiliyin əhəmiyyəti haqqında danışmağı məsləhət görürük və kibertəhlükəsizlik sahəsində baş verənlərlə maraqlanmağa təşviq edirik. Bundan əlavə, valideynlərə kömək etmək üçün “Kaspersky Safe Kids” kimi texniki həllər var. Bu cür xüsusi proqramlar uşağın internetdə nə qədər vaxt keçirdiyinə, hansı səhifələri ziyarət etdiyinə və kiminlə ünsiyyətdə olduğuna nəzarət etməyə imkan verir”, – deyə Müşviq Məmmədov əlavə edir.

* Sorğu ERA Marketing Center tədqiqat şirkəti tərəfindən 2022-ci ilin dekabrında aparılıb. 0-17 yaş arası uşaqları olan Bakı (200 sorğu anketi), Gəncə və Sumqayıt (bu şəhərlərin hər birində 50 anket) sakinləri ilə üzbəüz metoddan istifadə etməklə müsahibə aparılıb. Sorğuda ümumilikdə 300 respondent iştirak edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!