Azercell – “Sənə yaxın gələcək”
Lider mobil operator 2021-ci ildəki fəaliyyət dövrünün hesabatını açıqlayır
Azərbaycanda ən son texnoloji trendləri tətbiq edərək rəqəmsallaşmanı hər bir istifadəçisinin gündəlik həyat tərzinə çevirməyə can atan “Azercell Telekom” MMC 2021-ci ildə 25 yaşını qeyd etdi.
Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi və 5 milyon abunəçini ətrafına toplayan Azercell-in yenilənmiş strategiyası şirkəti “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” məqsədinə doğru aparır. Məhz bu məqsədə əsaslanan Azercell öz abunəçilərinin daim artan ehtiyaclarını qarşılamaq və onların gözləntilərini aşmaq üçün istifadədə rahat və qabaqcıl rəqəmsal həlləri ölkədə təqdim edəcək. Şirkət brendinin yeni şüarı – “Sənə yaxın gələcək” innovativ rəqəmsal həllər vasitəsilə insanların həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və dünyaya inteqrasiya olunmaq kimi ideyaları özündə əks etdirir.
Strateji fəaliyyətinin yeni dövrünü elan etmiş lider mobil operator 2021-ci ili məhsuldar və gərgin fəaliyyət, yeni təşəbbüslər və əlamətdar yeniliklərlə başa vurdu. Uzun sürən pandemiyanın səbəb olduğu qlobal iqtisadi resessiyaya baxmayaraq “Azercell Telekom” ötən ili ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2021-ci ildə ölkənin mobil kommunikasiya bazarında 51.8% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindən biri olaraq 2021-ci ildə dövlət büdcəsinə 122.7 milyon AZN, 25 il ərzində isə ümumilikdə 2.1 milyard AZN-dən çox vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2021-ci ildə 44.7 milyon ABŞ dolları, 1996-2021-ci illər ərzində isə 1.7 milyard ABŞ dollarından artıq həcmdə sərmayə yatırıb.
Hələ müharibə dövründə bütün cəbhə boyu ordumuzun ardınca irəliləyən Azercell-in texniki komandası azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmışdı. Bu fəaliyyət 2021-ci il ərzində də davam etdirilərək artıq işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 70-dən artıq radio baza stansiyasının 2G/3G/4G standartları ilə işləməsilə nəticələndi. İndi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və ətraf ərazilər Azercell-in mobil şəbəkəsi ilə əhatə olunub.
Hazırda şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.15% əhali əhatəsi isə 98.70% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla davam etdirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhali üzrə əhatəsi dairəsi 85,8%-ə, coğrafi əhatəsi isə 74,5%-ə qədər yüksəlib ki, bu da 2020-ci ilin analoji göstəricilərindən 2% artıqdır. 2021-ci ilin yekunlarına əsasən Azercell-in 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3000-ə çatdırılıb. Azercell 4G şəbəkəsi üzərindən ötürülən məlumatın həcminin və internet sürətinin 24% yüksəlməsinə nail olub. Belə ki, 2021-ci ilin göstəricilərinə görə Bakı və Abşeron yarımadası üzrə ortalama sürət 51 Mbit/s qədər yüksəlib.
Azercell Bakı metropolitenində rahat və kəsintisiz bağlantı istiqamətdə apardığı işləri yekunlaşdıraraq iki il davam edən layihə nəticəsində metropolitenin bütün 24 stansiyası və tunellərini 4G şəbəkəsi ilə əhatə edib. Beləliklə, Azercell abunəçiləri, hətta, qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən yararlanaraq dostları ilə yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinin sürətləndirilməsinə dair sərəncamına uyğun olaraq Azercell şirkəti bu konsepsiyaların nəzərdə tutduğu qabaqcıl texnologiyaların öz mobil şəbəkəsi üzərindən işə salınması istiqamətində nailiyyətlər əldə etdi. Belə ki, operatror işğaldan azad olunmuş torpaqlarda öz 4G şəbəkəsini sürətlə genişləndirməklə yanaşı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üçün əşyaların interneti (IoT) texnologiyasına əsaslanmış, daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən ilk operator olub.
İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə dəstək məqsədilə Azercell şirkəti öz abunəçilərinə “Kabinetim” tətbiqi üzərindən Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanı yaradıb. Bundan əlavə, həmin ərazilərdə abunəçilərə ilk müştəri xidmətləri göstərən də məhz Azercell olub. Şirkətin Mobil Müştəri Xidmətləri komandasının Şuşaya səfəri zamanı 200-ə yaxın abunəçiyə yerində xidmət göstərilib, 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirilib.
2021-ci ildə davam edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları hər zaman olduğu kimi müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2021-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən 3 milyondan çox zəng daxil olub, bunlardan 97.5%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 818,136 sayda sorğu daxil olub və bunların 96%-i cavablandırılıb. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 479 mindən çox müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2021-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 800 mindən çox abunəçiyə üz-üzə xidmət göstərilib.
Ötən il istifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “Qaliblərin seçimi – 010 prefiksli nömrələr” də Azərbaycanın mobil rabitə bazarına çıxarılıb. Vətən müharibəsindəki şanlı qələbəni bizə yaşadanlara sonsuz hörmətin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlara Azercell-dən yeni “Veteran Tarifi” təqdim olunub.
Yeni rəqəmsal siyasətini həm istehlakçılar, həm də müxtəlif ölçülü biznes müştəriləri üçün gerçəkləşdirən Azercell 2021-ci ildə korporativ abunəçiləri üçün bir sıra yeniliklər həyata keçirib. Belə ki, şirkət ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan “Biznesim Nəqliyyat” həllini təqdim edib . Eyni zamanda, “Biznesim Loyallıq” proqram çərçivəsində Azercell-in korporativ müştəriləri arasında populyarlıq qazanan “Biznesim Klubu” istifadəyə verilib. Klub üzvlərinə rabitə xərclərinə endirimlər, hədiyyə cihazlar, Azercell Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər edilib. Bundan əlavə, korporativ müştərilər üçün “Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlar təşkil olunub. “Biznesim Veb” həlli, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketləri istifadəyə verilib.
2021-ci ilə Azercell öz istifadəçilərin gündəlik iş proseslərini daha rahat və sürətli etmək məqsədilə “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verib. iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonları, son model Wi-Fi cihazı əldə edən müştərilərə hədiyyə internet paketləri təqdim olunub.
Azercell abunəçilərinə öz nömrəsinə tam nəzarət etmək imkanı verən “Kabinetim” özünəxidmət tətbiqinin işində də xeyli yeniliklər tətbiq olunub. Nəticədə “Kabinetim” mobil tətbiqini yükləyənlərin sayı 1 milyonu keçib.
Abunəçilərinin rəqəmsal həllərdən istifadəsini daha asan etmək məqsədilə ötən il “Kabinetim”, “ABB Mobile”, “Umico” platformaları üzərindən xidmətlərin çeşidi də genişləndirilib.
2021-ci ildə Azercell-in həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrə ümumilikdə 257 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 25 il ərzində 22 milyon dolları keçib.
2021-ci il ərzində Milli Olimpiya Komitəsinin, Milli Olimpiya və Milli Paralimpiya Komandalarının məğrur tərəfdaşı olan “Azercell Telekom” Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunları və XVI Yay Paralimpiya Oyunlarında iştirakını dəstəkləyib. Şirkətin tərəfdaşlığı ilə ötən il, həm də, ölkəmizdə VI Uşaq Paralimpiya İdman Oyunları baş tutub. 2014-cü ildə Azercell-in dəstəyilə keçirilən bu yarışlarda 5 idman növü üzrə 120-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq iştirak edib.
Azərbaycan Respublikasının Təhsil nazirliyin məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. Məktəblilərimiz informatika fənni üzrə müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil edərək 10 medal qazanıblar.
Mədəni irsə hörmətlə yanaşan Azercell şirkəti Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə dahi Azərbaycan şairi və filosofun əsərlərinə aid 100-dən çox parçanı audiokitab formatında tərtib edib. Əsərlər Azərbaycan, türk, ingilis, fransız və rus dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilərək “Bookmate” əlavəsinə yüklənilib. Həmçinin, Nizami Gəncəvinin iki məşhur əsəri komiks janrında hazırlanıb. Ötən il, həm də, xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda hazırlanaraq “Bookmate” mobil tətbiqinə yüklənilib.
11 il öncə Azercell-in dəstəyilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti karantin dövründə də fəaliyyətini davam etdirib və ümumilikdə 5300-ə yaxın uşağa psixoloji yardım göstərib.
Azercell-in Səyyar Diş və Göz Klinikaları 2021-ci ilin ilk aylarında bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza xidmət göstərib.
Azercell torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduran cəsur şəhidlərimizin ailələrini və qazilərimizi daim diqqət mərkəzində saxlayıb. Şirkətin həyata keçirdiyi “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində 300-ə yaxın şəhid övladı və onların anaları xüsusi reabilitasiya proqramına cəlb olunub.
Azercell şirkətinin öz əməkdaşlarından ibarət “Azercell könüllüləri” xeyriyyə qrupunun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrini əhatə edən “Novruz payı”, “Yeni ildə Könüllülərdən hədiyyə ilə” aksiyaları çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələrinə, döyüşlərdə yaralanmış qazilərə və onların övladlarına bayram sovqatları və kuponlar təqdim olunub.
Korporativ Sosial Məsuliyyət siyasətinin bir istiqaməti kimi Azercell media nümayəndələrinin rəqəmsal platformalarında və beynəlxalq xəbər mənbələrilə rahat işləmələri üçün ingilis dili kursları təşkil edir. 13 ildən çoxdur davam edən layihədə ötən il 70 KİV nümayəndəsi iştirak edib.
Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən Azercell 2021-ci ildə İnsan kapitalının inkişafına təxminən 879 min ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 26.8 milyon ABŞ dolları həcmində vəsait sərf edib.
2021-ci il ərzində Azercell Akademiyası Tədris Mərkəzinin 6 biznes məktəbi tərəfindən ölkədə fəaliyyət göstərən müxtəlif qurum və şirkətlər üçün 211 xarici təlim, 80 şirkətdaxili təlim keçirilib Bu təlimlərə 2316 iştirakçı qatılıb.
Azercell şirkəti gənclər arasında populyar olan Tələbə Təqaüdü və Tələbə Təcrübə proqramlarını da davam etdirib. Layihədə tətbiq olunan son yenilik ondan ibarət olub ki, 2021-ci ildə Azercell tələbə adını qazanmış şəhid övladları və vətən uğrunda canını fəda etmiş hərbçilərimizin ali təhsil ocağına daxil olmuş həyat yoldaşlarına da təqaüd ayırıb. Bundan əlavə, Vətən müharibəsində rəşadətlə döyüşüb qayıdan və ölkəmizin müxtəlif şəhərlərində Rabitə və İnformasiya Texnologiyaları sahəsi üzrə təhsil alan 23 tələbə 2021-ci ildə Azercell-in dəvətilə Tələbə Təqaüd proqramına qoşulub.
Pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələr, eləcə də distant iş rejimində çalışan müəllimlər üçün Azercell “Təhsil” internet paketini istifadəyə verib.
Hər zaman qadınların cəmiyyətdə hüquq və imkanlarının genişləndirilməsinə, onların peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşan Azercell ötən il “Qadınların İKT sahəsində rolu” mövzusunda Clubhouse platforması üzərindən onlayn müzakirələr təşkil edib.
Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” 2021-ci ildə növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.
Şirkətin müxtəlif istiqamətlərdə gərgin fəaliyyəti yerli və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayıb. Azercell-in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb.
Ötən il Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom”-in nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Azercell “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası üçün Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorların tətbiqi üzrə hazırlıq səviyyəsinə görə “İlin ən innovativ şirkəti” nominasiyasında Qızıl mükafata layiq görülüb.
Azərbaycana 25 ildən artıq xidmət edən “Azercell Telekom” abunəçilərinə keyfiyyətli, innovativ və əlçatan rabitə xidmətləri göstərməyi qarşısına məqsəd qoyub. Dünyadakı ən son texnoloji həlləri ölkəmizə gətirməklə rəqəmsallaşma vasitəsilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən Azercell 5 milyondan çox olan abunəçisinə etimad və seçiminə görə təşəkkür edir!