“AzerGold” QSC bu günədək mədən layihələrinin icrası üçün 454 milyon manata yaxın investisiya yönəldib
Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurları ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə münbit zəmin yaradıb. Heç şübhəsiz, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə zəngin əlvan metal ehtiyatlarının potensialına malik Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq.
Bunu “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.
O.Məmmədov bildirib ki, ümumiyyətlə, zəngin təbii resurslardan səmərəli istifadə edərək, onları sosial rifaha, iqtisadi inkişafa çevirmək, dağ-mədən sahəsinin daha da inkişafına töhfə vermək “AzerGold” QSC-nin fəaliyyətinin əsas amalını təşkil edir. Həmin məqsədlə, “AzerGold” QSC bu günədək mədən layihələrinin icrası üçün 453 milyon 828 min 600 manat investisiya yönəldib. 2017-ci ildən Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə həyata keçirilən istismar işləri nəticəsində bu günədək 388.4 min unsiya qızıl, 842.1 min unsiya gümüş hasil edilib. Ötən dövr ərzində 388.8 min unsiya qızıl, 846.5 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 1 milyard 97 milyon 97 min manat vəsait cəlb edilib. Bununla yanaşı, dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 148 milyon 373 min 272 manat məbləğində vəsait ödənilib.
“Qürurla qeyd etmək istəyirəm ki, 7 il əvvəl fəaliyyətə Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” qızıl yatağının istismarı ilə başlasaq da, bu gün həmin yatağın bazasında 1 regional emal sahəsi, daha 3 qızıl və 1 dəmir mədəni, eləcə də yeni əlvan və qara metal filizi yataqlarının istismarına hazırlıq işləri ilə yolumuza davam edirik.
Önümüzdəki illərdə həyata keçirməyi hədəflədiyimiz irimiqyaslı layihələrdən biri “Filizçay” polimetal yatağının istismara verilməsidir. Ölkəmizin şimalında yerləşən yataq qızıl, gümüş, mis, sink, qurğuşun kimi əlvan metallarla zəngindir. Hazırda metallurji tədqiqatların davam etdiyi “Filizçay” tərkibində olan filiz ehtiyatlarının həcminə görə dünyanın ən iri polimetal yataqları sırasında öncül yerlərdə qərarlaşıb. Biz “Filizçay” layihəsinin icrası istiqamətində də faydalı əməkdaşlıq modeli yaratmağı düşünürük. Həmçinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Ortakənd” qızıl mədəni layihəsi də xarici investisiyaya açıq perspektivli layihələrimizdən biridir”, – deyə O.Məmmədov diqqətə çatdırıb.