“AzerGold” QSC ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti arasında geniştərkibli onlayn görüş keçirilib.

“AzerGold” QSC-dən Frame.az-a bildirilib ki, görüşdə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, MEXT Texnologiya Mərkəzinin, “KoçDigital” şirkətinin icraçı direktorları Tamerlan Tağıyev, Efer Erdem, Önder Kaplancık və digər rəsmilər iştirak ediblər.

“AzerGold” QSC-nin istehsal müəssisələrinin səmərəlilik əmsalının artması və əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə “AzerGold”un istehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması, bu proseslərə dair innovativ həllərin və müasir texnologiyaların tətbiq olunması, o cümlədən QSC-də biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün nəticəsi olaraq potensial əməkdaşlıq üzrə texniki detalların müzakirəsi üçün “AzerGold” QSC, MEXT Texnologiya Mərkəzi və “KoçDigital” şirkətinin aidiyyəti mütəxəssislərinin görüşünün keçirilməsi planlaşdırılıb. Əlavə olaraq əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi məqsədilə qarşılıqlı olaraq istehsalat sahələrinə işgüzar səfərlərin keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri tətbiq edən və daim təkmilləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində mütəmadi qaydada maddi-texniki bazasını müasir tələblərə uyğun olaraq yeniləyir. Mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsal prosesində səmərəliliyin artırılması “AzerGold”un əsas prioritetlərindən biridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: