Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan festival keçirilib
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakıdakı 242 nömrəli orta məktəbdə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan festival keçirilib.
Frame.az xəbər verir ki, “TOPs” proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf naminə idman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.
Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə “TOPs” proqramı üzrə təlimlər həyata keçirilib. Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.
İdman festivalında 120-dək şagird iştirak edib. Şagirdlər müxtəlif estafetlərdə bacarıqlarını musiqili-əyləncəli proqramlarla nümayiş etdiriblər.
Tədbirdə çıxış edən layihə rəhbəri Vəli Musayev deyib: “Bu gün uşaqların yarışlarda iştirakı, “TOPs” metodologiyasına əsasən öyrəndiklərini həvəslə tətbiq etməsi bizim sağlam gələcəyə olan inamımızı daha da artırdı. Müəllimlər üçün təşkil olunan təlimlərdə təklif etdiyimiz metodologiyanı bu gün əyani formada şagirdlərin fəaliyyətlərində izləyə bilirik. Artıq Azərbaycan məktəbləri “TOPs” təcrübəsindən faydalanır”.
Festivalda qaliblərə diplom və kuboklar təqdim edilib.