“Baharın rəngləri” yaradıcılıq turnirinin yekun sərgisi açılıb
Aprelin 13-də Xətai Sənət Mərkəzində “Baharın rəngləri” Respublika uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılıb.
Frame.az xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunub.
Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq sərgi barədə məlumat verib. Bildirib ki, turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət etməkdir.
Onun sözlərinə görə, müsabiqə çərçivəsində 700-dən çox 10-21 yaşarası uşaq, yeniyetmə və gənc 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak ediblər. İştirakçılar akvarel boyaları ilə baharı tərənnüm edən əsərləri ərsəyə gətiriblər. Bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti nümayəndəsi Turanə Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyasınin şöbə müdiri Elçin Hüseyn, Xətai Sənət Mərkəzinin müəllimi Gündüz Həbibov, rəssamlar Akif Yarısov və Əbdüləmi Əliyev öz ürək sözlərini bölüşdülər.
Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələrin təqdim olunub.
Qeyd edək ki, sərgilənən əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq və mərkəzin nəzdində yeni yaradılmış Xətai Uşaq Sənəti Qalereyasının (Baku Khatai Kids Art) ekspozisıyasının formalaşdirmasında istifadə olunacaq.