Bakı sakinlərinin yarısı “fast food”dan istifadə edir
Gün ərzində insanların keçirdiyi hərəkətli yaşayış tərzi yemək yeməyə ayrılan vaxtın azalmasına səbəb olur. Məhz bu səbəbdən insanların seçimi asan və tez hazırlanan qidalar olur. “Fast food” adlandırılan qidalara hamburger, dönər, lahmacun, qızardılmış kartof, qızardılmış toyuq, pizza, tost, qazlı içkilər və s. daxildir. Bəs Bakı sakinləri tez-bazar yeməkləri gündəlik rasionlarına daxil edirlərmi ? Ümumiyyətlə bu tip yeməklərin ziyanından xəbərdardılarmı ?
Sorğu nəticəsində məlum oldu ki, rəyi soruşulmuş respondenlərin yarıdan çoxu (56 %) “fast food”u rasionlarına daxil ediblər.
Əlüstü yeməkləri sevənlər arasında onun dadına ən çox baxanlar (həftədə 2-3 dəfə) 7 %-dir. Həftədə bir dəfə əlüstü yeməklərə üz tutanlar daha azdır (3 %). 6 % isə qarnını tez-bazar yeməklərlə 2-3 həftədə bir dəfə doydurur. 19 % isə “fast food”a ayda bir dəfə müraciət etdiyini bildirib. Respondentlərin beşdə biri (20 %) tez-bazar yeməklərin dadına ayda bir dəfədən də gec baxırlar.
“Fast food” sevərlərin tam yarısı (45 %) onu dadına görə seçdiklərini bildirirlər. Respondentlərin dörddə biri üçün (24 %) bu tip yeməklərin tez hazırlanması önəmlidir. Əlüstü yeməklərin hər yerdə əlçatan olması da öz sözünü deyir (12 %). Bu sahədə xidmətin yüksək (9 %), qiymətin nisbətən ucuz (2 %), yeməyin isə doyumlu olması (3 %) “fast food” yeyənlərin seçimə təsirsiz ötüşmür. Ayaqüstü yeməkləri əsasən övlad və nəvələrə görə seçdiklərini bildirənlər isə nisbətən azdır ( 3 %). “Fast food” şirkətlərinin kuryer xidməti göstərməsi də respondentlərin seçiminə təsir edir ( 1 %).
Ayaqüstü yeməklərin istifadəçilərinin tam yarısı (48 %) xarici, 33 %-i yerli, 17 %-i isə türk kafelərinin müştəriləri olduqlarını bildirirlər.
“Fast food”un orqanizmə ziyanını 10 ballıq şkala ilə ölçən respondentlərin böyük əksəriyyəti (38 %) onu tamamilə ziyanlı hesab edir (10 bal). Rəyi soruşulanların dörddə biri (26 %) isə əlüstü qidanın zərərini 5 balla dəyərləndirib. 11 % isə bunu nisbətən yüksək (8 bal) qiymətləndirib.
ACT Frame.az