IqtisadiyyatTurizmTəqdimat

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və “Securex Caspian” sərgiləri keçiriləcək

Sentyabrın 6-dan 8-dək Azərbaycanın paytaxtı Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçiriləcək.

Frame.az xəbər verir ki, bu barədə avqustun 30-da sərgilərin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, “ADEX” və “Securex Caspian” sərgilərinin layihə meneceri Ülkər Qasımova, “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə iştirak ediblər.

Qeyd edilib ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

“ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutacaq. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçiriləcək. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdiriləcək. Dünyanın 32 ölkəsindən 200-dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5 faiz artım nümayiş etdirəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə sərgiyə İordaniyadan olan şirkətlər də qatılacaq. Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcək. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.

Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.

Diqqətə çatdırılıb ki, “ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunacaq.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci, üçüncü zallarında və açıq sahəsində yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Peşəkarlar ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

Sərginin açıq sahəsi xüsusi diqqətə layiqdir, burada hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər və daha çoxu təqdim olunacaq.

Ənənəvi olaraq sərgidə xarici nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulub. Belə ki, dünyanın 20 ölkəsi bu ölkələrin hərbi idarələrinin nümayəndələrinin başçılığı ilə “ADEX-2022” sərgisinə öz nümayəndə heyətlərini göndərib. Bu siyahıya ilk dəfə rəsmi nümayəndə heyətləri ilə qatılan ölkələr daxildir. Bunlar Mərakeş, Nigeriya, Ruandadır. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir. Sərgidə ümumilikdə 59 şirkət nümayəndə heyəti iştirak edir.

Sərgidə müasir silah növlərinin genişmiqyaslı nümayişi hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.

Məlumat verilib ki, “ADEX”lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək. Həmin sərgidə siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim olunacaq.

“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində pilotsuz sistemlər, zirehli döyüş nəqliyyat vasitələr, silah və sursat, hərbi tibb ləvazimatlar və başqa aktual mövzularda sessiyalar keçiriləcək. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları nəzərdə tutulub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. Sərginin proqramı ilə www.adex.az/ rəsmi internet saytında tanış olmaq olar.

Beləliklə, “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.

Şirkətlərin inkişafı ilə bağlı xəbərləri, ixtiraçı və mütəxəssislərlə müsahibələri “Daily News” qəzetinin xüsusi buraxılışından, eləcə də sərgilərin www.adex.az və www.securexcaspian.az rəsmi internet saytlarından və sosial şəbəkələrdən tanış olmaq olar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!