IqtisadiyyatTurizmTəqdimat

Bakıda Alman-Azərbaycan Davamlılıq Forumu keçirilir

İyunun 21-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan), “RENAC AG” ilə birgə Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Enerji İxrac Təşəbbüsü layihəsi çərçivəsində “Azərbaycanda bərpaolunan enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumu təşkil edilib.

AHK Azərbaycanın icraçı direktoru Tobias Baumannın moderatorluğu ilə keçən forumda iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Forumda Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov ölkəmizdə energetika sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında prioritetlərdən biri Azərbaycanın ekoloji cəhətdən təmiz ölkəyə çevrilməsidir.

Bu proqramda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi kimi işlərin də yer aldığını söyləyən nazir müavini deyib: “Bu, təkcə enerjinin bərpaolunan mənbələrdən əldə ediləcəyi demək deyil, həm də enerji səmərəliliyinin artırılması kimi işləri əhatə edir. Bizim prioritetlərimizdən biri də xalis sıfır karbon emissiyasına çatmaqdır. Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücü 17 faizdir. 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılması nəzərdə tutulur”.

Almaniyanın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Heiko Schvarz qeyd edib ki, regionda bütün istiqamətlərdə sülh və imkanlar görürük: “Biznes üçün hər zaman sülh ən yaxşı amildir. Dayanıqlılıq və bərpaolunan enerji sahəsində çalışan sahibkarlar üçün geniş imkanlar var. İnanıram ki, bugünkü görüş yeni layihələrə bir təməl olacaq”.

Almaniyanın İqtisadi İşlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi alman enerji həllərinin koordinasiya ofisinin rəhbəri Angelika Farhan-Reimpell təmsil etdiyi qurumun enerji həlləri təşəbbüsü daxilində gördüyü işlərdən söz açıb.

AHK Azərbaycan İdarə Heyətinin sədri Fərid İsayev forumun iki ölkə sahibkarlarının işbirliyinə töhfə verəcəyini inamını bildirib.

Forum müzakirələrlə davam edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!