QalereyaSərgi

BAKIDA GÜRCÜ FOTO GÜNLƏRİ KEÇİRİLƏCƏK

Milli mədəni irsimizin təbliği və təşviqini əsas missiyası hesab edən “NUR Art House” qalereyası ənənəsinə sadiq qalaraq bu dəfə sənətsevərləri incəsənətin operativ və aktual növü sayılan foto sənəti ilə bağlı yeni, qeyri-adi sərgiyə dəvət edir. Ötən dəfə sizə azərbaycanlı fotoqrafın Portuqaliya ilə bağlı fotohekayətini təqdim etmişdik. İndi isə qonaqlarımız 2008-ci ildən fəaliyyət göstərən Gürcüstan Fotoqraflar Assosiasiyasının 15 üzvünün Azərbaycan fototurunun nəticələrini əks etdirən, Gürcüstan və Azərbaycanın milli istiqlaliyyət günlərinə həsr edilən “Gürcüstan foto günləri” çərçivəsində keçirilən 3 tematik sərgini – “Azərbaycan gürcü fotoqraflarının gözü ilə”, “Gürcüstan foto sənəti” və “Georgian drag – 2016” izləyəcəklər.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “NUR Art House”, Gürcüstan Fotoqraflar Assosiasiyası, Azərbaycan Fotoqraflar Birliyi, “ArtFaktor”un təşkilatçılığı ilə 26-28 may 2017-ci il tarixlərində Bakıda, “NUR Art House” qalereyasında keçiriləcək.

Tədbirlər planına əsasən, 26 may tarixində saat 18.00-də Gürcüstan Fotoqraflar Assosiasiyasının 12 üzvü ilə yanaşı, Azərbaycan Fotoqraflar Birliyinin də fəxri üzvləri olan müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmış, milli (GFA) və beynəlxalq (European Photographer) sertifikatlar almış Kaxa Pxakadze, Nino Mqebrişvili və yeddi qızıl medal sahibi Mziya Lenkveişvilinin əsərləri nümayiş olunacaq.

1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Fotoqraf Birliyi foto sənətinin təblii və bu sənətə bağlı insanların müntəzəm olaraq peşəkarlığının artırılması, onların əsərlərinin beynəlxalaq aləmə çıxarılması istiqamətində fəaliyyət göstərir. Birliyin müştərək layihəsi çərçivəsində Azərbaycana tura gəlmiş gürcü fotoqrafları Bakıda və Ağsuda maraqlı fotoşəkillər çəkmiş, Beynəlxalq Tərəkəmə Festivalının etnoqrafik özəlliklərini əbədiləşdirmişlər. “NUR Art House” qalereyasında təşkil edilən sərgi zamanı gürcü fotoqrafları Azərbaycanla bağlı təəssüratlarını tamaşaçılarla bölüşməklə yanaşı, 27 mayda Bakı fototuruna, 28 mayda isə palçıq vulkanlarının ecazkar mənzərələrini əbədiləşdirmək məqsədilə təbiət qoynunda fototura çıxacaqlar.

“Georgia drag-2016” sərgisində isə tamaşaçıları Beynəlxalq Foto Sənəti Federasiyasının 2016-cı ildə keçirilmiş müsabiqəsinin mükafatlarını almış əl işləri ilə tanışlıq gözləyir. 5 qitədə 85 milli assosiasiyanın birləşdiyi fotofederasiya dünyada fotoqrafik biliklərin bədii, tədris və elmi səviyyədə YUNESKO-nun prinsiplərinə uyğun təbliği istiqamətində çalışır.

Açılış günü tamaşaçılara FİAP-ın patronajlığı ilə yeni beynəlxalq “Caucasus-Carpathian circle 2017” fotoraundu təqdim ediləcək. Azərbaycan, Gürcüstan və Ukrayna fotoqrafları birlikdə gerçəkləşdirəcəyi layihənin rəhbəri Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umudov gürcü həmkarları ilə birlikdə layihə haqqında məlumat verəcək.

“NUR Art House” qalereyası, ənənəvi olaraq, sərgi günlərində peşəkar və həvəskar fotoqraflara ustaddan bəhrələnmək imkanı yaradacaq, 27 may 2017-ci il tarixində, saat 18.00-də tanınmış gürcü fotoqrafı Kaxa Pxakadzenin “Ustad dərsi”ni təşkil edəcək. Dərsin sonunda qeydiyyatdan keçmiş iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ünvan: Bakı şəhəri, İçərişəhər, Qəsr küçəsi, ev 27-dir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!