Bakıda ilk dəfə 100 lövhədə şahmat seansı təşkil olunub

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan şahmat seansı təşkil edilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak edib.

Frame.az xəbər verir ki, seans zamanı üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, dünya kuboku yarışlarının qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıblar.

İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıblar.

Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: