Ən Son

“Big Bubble əməliyyatı” hələ uzun müddət yaddaşlarda qalacaq

Oktyabrın 3-də Nizami kinoteatrında 30 illik fasilədən sonra uşaq kinosuna yeni bir nəfəs gətirəcək “Big Bubble əməliyyatı” adlı uşaq filminin möhtəşəm təqdimat mərasimi keçirildi. Qalada filmin yaradıcı heyyəti, bir çox Media nümayəndələri, hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdıran millət vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak edirdi.

Qeyd edək ki, filmin rejissoru Teymur Nəcəf, baş prodüseri Elşən Əliyev, prodüseri Dilşad Musa, bəstəkarı Ləman Nəcəf, musiqi tərtibatçısı Rövşən Muhammed, quruluşçu operatoru Zaur Hüseynov, ssenaristi Teymur Nəcəfdir.

Aparıcı Elməddin Məmmədovun təqdimatıyla qırmızı xalıya dəvət olunan filmin yaradıcı heyyəti film haqqında öz təəssüratlarını bildirərək, onlara dəstək olanlara minnətdarlıqlarını bildirdilər. Bildirək ki, filmdə iştirak edən uşaqlardan yeddisi artıq 6 ilə yaxındır ki, uşaqların düzgün inkişafı, təhsil və tərbiyələnməsi istiqamətində fəaliyyət göstərən Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləri – Musa Allahverdiyev, Zəhra Muradova, Sübhan Əzizov, Hacımurad Davudov, Rinat Davudov, Dəniz Aslanlı, Elay Əzizova, biri isə mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər Gülmalıyevadır. Bundan başqa filmdə valideyn,nənə, sehrbaz və digər maraqlı obrazlar da yer almışdır.

3  gözəl tortun kəsilməsi və yaradıcı heyyətin kollektiv şəkil çəkdirməsindən sonra hər kəsin həyəcanla gözlədiyi an gəlib çatdı və film nümayiş olundu.

İlk dəqiqələrdən artıq zalda uşaqların təəccüb və sevinc səsləri eşidilirdi. Macəra xarakteri daşıyan “Big Bubble əməliyyatı” filmi, həm də tərbiyəvi əhəmiyyətinə görə diqqəti cəlb etdi. Belə ki, filmdə valideyn-övlad arasında qurulan ünsiyyət, böyüyə – nənəyə, babaya hörmət, dostluğa sadiqlik, bacı-qardaş məhəbbəti və digər münasibətlər filmin sujet xəttinin zənginliyindən xəbər verirdi. Bütün bu deyilənlərin bir filmdə yer alması isə filmin ssenari və rejissor işinin mükəmməlliyinin göstəricisi idi.

Filmin bir növ davamedici sonluqla bitməsi kiçik izləyiciləri intizara saxlayaraq davamının olacağını göstərirdi. Bu isə müasir uşaq kinosunun tezliklə zənginləşəcəyindən və yeni uğurlara imza atacağından xəbər verirdi.

Fotolar fotoqraf Seymur Bağırlıya məxsusdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!