“Boğaziçi Ventures” fondu Azərbaycanda startapların maliyyələşdirilməsinə başlayır

Azərbaycanda ilk vençur fondu olan “Boğaziçi Ventures” tərəfindən startapların maliyyələşdirilməsinə başlanılır. Fondun daxili siyasəti çərçivəsində dəyərləndirməni keçən startaplar investisiya üçün ayrılan 5 milyon ABŞ dolları məbləğində vəsaitdən investisiya qazanmaq imkanı əldə edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Frame.az-a bildirilib ki, investisiya almaq üçün müraciət proseduru 3 mərhələyə bölünür.

Noyabrın 20-dən başlayan ilk mərhələdə startaplar nazirliyin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinin saytında müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bu forma İnnovasiyalar Agentliyinin beynəlxalq standartlara uyğun tərtib etdiyi startap təsnifatıdır. Təsnifat anketini doldurduqdan dərhal sonra startaplara elektron poçtla aid olduqları kateqoriyaya dair məlumat göndəriləcək. İnvestisiya əldə etmək üçün yalnız A və B kateqoriyalı startapların “Boğaziçi Ventures” fonduna etdiyi müraciətlərə baxılacaq. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: http://innovationagency.az/bv-apply-form/

Müraciətlər dekabr 20-dək qəbul olunur.

İkinci mərhələdə müraciətlər İnnovasiyalar Agentliyinin əməkdaşları tərəfindən dəyərləndiriləcək. Seçim mərhələsindən keçən startaplar müsahibəyə, ilkin qiymətləndirməyə dəvət ediləcək.

Sonda seçim mərhələsini müvəffəqiyyətlə keçən startapların nəticələri yekun dəyərləndirmə üçün “Boğaziçi Ventures” fondunun Türkiyədə yerləşən mərkəzi ofisinə göndəriləcək. Mərkəzi ofisdə investisiya əldə edəcək startaplar və onlara ayrılan investisiyanın həcmi müəyyən olunacaq.

Qeyd edək ki, investisiya qazanan startapların xidmət və məhsullarının ən qısa zamanda xarici bazara ixrac olunması planlaşdırılır.

İnnovasiyalar Agentliyinin “Boğaziçi Ventures” vençur fondu ilə birgə əməkdaşlığı nəticəsində 2021-ci ilin sonuna kimi startapların sürətli inkişafı və xarici bazarlara çıxışının təmin edilməsi, həmçinin ölkəmizin texnologiya ixracının artırılması planlaşdırılır. Eyni zamanda, İnnovasiyalar Agentliyi innovasiya ekosisteminin inkişafını sürətləndirmək üçün müxtəlif inkişaf mərhələsində olan startapları maliyyələşdirən vençur fondlarının Azərbaycana cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.

Kateqoriyalar üzrə meyarlara dair məlumatları aşağıdakı linkdən əldə edə bilərsiniz: http://innovationagency.az/?mdocs-file=6269

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: