Dubayda “Ekspo 2020” ümumdünya sərgisinin açılışı olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” ümumdünya sərgisinin açılışı olub. Ötən il COVID-19 pandemiyası səbəbindən təxirə salınan və190 ölkənin iştirakı ilə bu gün start götürən sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın da pavilyonu təmsil olunur.

2022-ci il martın 31-dək davam edəcək sərgini 25 milyon insanın ziyarət etməsi gözlənilir. Açılış mərasimində iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın dövlət bayraqları fonunda möhtəşəm konsert və atəşfəşanlıq olub. Mərasimdə çıxış edən BƏƏ-nin vitse-prezidenti, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid “Ekspo” sərgiləri tarixində ilk dəfə 190 ölkənin təmsil olunduğunu vurğulayıb və iştirakçı ölkələrə uğurlar arzulayıb.

“Ekspo 2020” sərgisinin açılışı mərasimində məşhur italyan tenoru Andrea Boçelli, Britaniya pop ulduzu Elli Qouldinq, dünyaşöhrətli Çin pianoçusu Lanq Lanq çıxış ediblər. Mərasim Nyu-Yorkun Tayms meydanındakı nəhəng monitorda da canlı yayımlanıb.

“Dubay Ekspo 2020” bu günə qədər təşkil olunan ən böyük ekspo tədbirdir. Sərginin 400 hektardan çox ərazisi var. “Dubay Ekspo 2020” “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusunda keçirilir.

Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunur. Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: