Dünya Sağlamlıq Turizmi Sərgisində Qarabağın termal turizm imkanları nümayiş etdiriləcək

İyunun 23-dən 26-dək Bakıda təşkil olunacaq 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

Frame.az xəbər verir ki, sərgi Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyi ilə reallaşacaq.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev HESTOUREX barədə mətbuat nümayəndələrini məlumatlandıraraq bildirib ki, tədbirə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 60-dan çox məkanından 1000-ə yaxın sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə çoxsaylı B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – “Baku Crystal Hall”da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcəklər.

Ruslan Quliyev qeyd edib ki, sərginin özəlliklərindən biri də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının da termal turizm imkanlarının burada nümayiş etdirilməsidir.

HESTOUREX sərgisinin təşkilatçısı, Alanya Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ahmet Girgin Azərbaycanla Türkiyə arasında xüsusilə sağlıq turizmi əlaqələrinin daha da genişlənməsində sərginin böyük rol oynayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, HESTOUREX sərgisi 2017-ci ildən pandemiya başlayana qədər Türkiyədə düzənli olaraq təşkil edilib. Tədbir ölkə prezidenti və 6 nazirlik tərəfindən dəstəklənib. “Pandemiyadan sonra ilk sağlamlıq sərgisinin Bakıda keçirilməsinin səbəbi odur ki, Azərbaycanın zəngin termal turizm qaynaqlarının dünyada və qardaş Türkiyədə tanıdılmasına ehtiyac var. Çünki min bir dərdin dərmanı olan Naftalan neftinin, Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Düzdağın, Şabrandakı Qalaaltının müalicəvi imkanlarından insanlar yararlanmalıdır”, – deyə Ahmet Girgin vurğulayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: