EventsMədəniyyətTəqdimat

Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan

Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.

Tədbir Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, Milli Azərbaycan Tarixi Muzeyi, “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danımarkanın “OBaku” şirkəti tərəfindən təşkil edilib.

Mərasimdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı Cümhuriyyət dəyərlərinin bu gün də Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını vurğulayıb.

“Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bugünkü tədbirin yeni bir məzmunda keçirildiyinə diqqət çəkib, müstəqilliyimizin bərpasından keçən 32 ildə Cümhuriyyət tarixinin tədqiqi, bu mövzuda sənət əsərlərinin yaradılması, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran vəzifələrə toxunub.

Açılış mərasimində Çingiz Mustafayev adına Fond, VMF Holdinqin təsisçisi Vahid Mustafayev çıxış edərək Danimarkanın “OBaku” şirkəti ilə bu ildən başlayaraq işbirliyi yaratdıqları və bu əməkdaşlığın ilkin təcəssümü kimi “OBaku” brendinin müstəqilliyimizin 105-ci ildönümü münasibətilə xüsusi saat kolleksiyası istehsal etdiyini və bugünkü tədbirdə mükafat qismində təqdim olunacağını bildirib.

Bu təqdimatla bağlı Bakıya gəlmiş “OBaku” şirkətinin direktoru Henriette Qrasa Arvin müsəlman Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycana ilk səfərindən, Azərbaycan xalqının, elm, sənət adamlarının öz tarixinə bu qədər sevgi ilə yanaşmasından çox mütəəssir olduğunu və bu şərəfli insanları öz brend saatları ilə mükafatlandırmaqdan məmnun olduğunu vurğulayıb.

Professor Solmaz Rüstəmova-Tohidi Henriette Qrasa Arvinə Azərbaycan xalqı haqqında xoş sözlərə və azərbaycanlı alim və sənətkarlara təqdim olunan mükafatlara görə təşəkkür edib, Cümhuriyyət dövründə Danimarkanın Azərbaycanda rəsmi nümayəndəliyi olduğunu, ilk səfir Erik Birinqin o zaman Bakının ictimai-iqtisadi həyatında çox fəal çalışdığını və bu əlaqələrin bundan sonra daha da davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mərasim “Bir heykəlin tarixçəsi” adı altında Xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hələ 1993-cü ildə hazırlanmış, şəhərin mərkəzində yeri təyin olunsa da, müəyyən səbəblərdən qoyulmamış heykəlinin ilkin layihəsinin təqdimatı ilə davam edib. Tədbirdə iştirak edən Ömər Eldarov bu heykəlin taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Tədbirdə, həmçinin akademik Rafael Hüseynov, tarixçi alim Firdovsiyə Əhmədova, rejissor Mehriban Ələkbərzadə, bəstəkar Sərdar Fərəcov və başqaları çıxış ediblər.

Daha sonra təltifolunma mərasimi keçirilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!