SəyahətTurizmTəqdimat

Florian Zenqstşmid: Yaxın gələcəkdə turistlər Qarabağa da səfər edə biləcəklər

Yaxın gələcəkdə turistlər Azərbaycanın bol səyahət təcrübəsi vəd edən ənənəvi guşələri ilə yanaşı, tarixi, təbii və mədəni resurslara malik olan Qarabağa da səyahət edə biləcəklər.

Frame.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid sentyabrın 2-də başlayan “PATA Travel Mart 2021” beynəlxalq turizm sərgisində “Cənub-şərqi, Qərbi və Cənubi Asiyanın turizm destinasiyaları kimi bərpası” mövzusuna həsr olunmuş sessiyadakı çıxışında deyib.

Florian Zenqstşmid, həmçinin ekoturizmlə bağlı təkliflər, turistlərin sağlamlığı və təhlükəsizliyi üçün görülən tədbirlər, rəqəmsal platformaların inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin turizm imkanları haqqında danışıb.

Baş icraçı direktor qeyd edib ki, 29-dan çox ölkə üçün beynəlxalq sərhədlərin açılması və vaksinasiya prosesinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda turizm sənayesinin tədricən bərpası istiqamətində işlər davam etdirilir.

Hər il Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən təşkil olunan virtual sərgini ziyarət edənlər Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan tarixi abidələri, mədəni irs nümunələri, sağlamlıq və rekreasiya imkanları, milli mətbəxi, eləcə də şərabçılıq ənənələri və müasir şərab zavodları ilə yaxından tanış olublar.

Sərgi zamanı keçirilən B2B (Biznesdən-biznesə) formatlı görüşlərdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbir çərçivəsində Asiya-Sakit Okean regionu üçün səciyyəvi olan turizm təklifləri ilə yanaşı, pandemiya dövründə görülən işlər, yeni dövrdə yaranan səyahət tələbləri və turizm sənayesinin qlobal səviyyədə dirçəlməsi üçün lazım olan addımlar barədə fikir mübadiləsi aparılıb.

“PATA Travel Mart 2021” sərgisi sentyabrın 5-də işini yekunlaşdıracaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!