“Emalatxanada görüş” layihəsinin yeni mərhələsinə start verilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 27 mart 2019-cu il tarixindən “Emalatxanada görüş” adlı layihənin yeni mərhələsinə start verilir.
Görüş Xalq rəssamı Mayis Ağabəyovun emalatxanasında baş tutacaqdır. Layihə gənclərin tədqiqat və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaq məqsədi ilə həyata keçirilir.
Layihə “AXIN” qrupu üzvləri ilə birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişaf məsələləri, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılığındakı bədii tendensiyaların, orijinal ideyaların müzakirəsinə, araşdırılmasına və geniş auditoriyaya əyani təqdim edilməsinə yönəlib.
Görüşdə gənclər tanınmış rəssamın emalatxanasında iş prosesi ilə yaxından tanış olacaq, rəssamlıq sənətinin özəllikləri ətrafında müzakirələr aparacaqlar.
Xalq rəssamı ilə görüşdən hazırlanan video-material layihənin eyni adlı bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması nəzərdə tutulur.
Frame.az