Göygöl Milli Parkında “açıq qapı” günü keçiriləcək
Göygöl Milli Parkının yaradılması günü ilə əlaqədar aprelin 1-də milli parkda “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parka giriş haqqından azad olunacaqlar.
Bu barədə Frame.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl Milli Parkının mənzərəli təbiətini görmək istəyən hər kəsi milli parka dəvət edir.
Təbiətin oyanışını, baharın göz oxşayan görüntülərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin, bənövşə və nərgiz güllərinin özünəməxsus ətrini duymaq, füsunkar gözəlliklərdən həzz almaq istəyənlər Göygöl Milli Parkına səyahət edə bilərlər.
Qeyd edək ki, Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.