III Sevil Beynəlxalq Qadın Sənədli film festivalının bağlanış mərasimi keçirilib
III Sevil Beynəlxalq Qadın Sənədli film festivalının bağlanış mərasimi keçirilib.
Yerli və əcnəbi kino mütəxəssislərin, rejissorların iştirakı ilə 8 gün ərzində davam edən festival zamanı 36 yerli və xarici film nümayiş olunub.
Mükafatların təltifetmə mərasimində hər üç nominasiyada qalib olan filmlərın adları açıqlanıb. “Tammetrajlı sənədli film nominasiyası” üzrə Mina Laamonun (Finlandiya) “Kədər tərbiyəçisi”, “Beynəlxalq qısametrajlı sənədli film nominasiyası” üzrə Mariana X.Riveranın (Meksika) “Çöl çiçəkləri”, “Yerli qısametrajlı sənədli film nominasiyası” üzrə isə Aynur Kazımovanın (Azərbaycan) “Unudulmuş arzular” filmi festivalın qalibi olub.
Yerli rejissor Aynur Kazımova “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak hüququ qazanıb.
Festivalda, həmçinin münsiflərin xüsusi mükafatı da təqdim olunub. Müvafiq kateqoriyalar üzrə Ceyms Kiklayterin (ABŞ) “Kimliyin səsi”, Sargol Eslamianın (İran) “Sükut içində pıçıltı” ekran əsərləri münsiflər heyətinin seçimi olub.