İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Frame.az xəbər verir ki, İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək.
Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən “ASAN Həyat” kompleksinin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Hazırda respublikamızda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəkidə yerləşir.