İnnovasiya, Əməkdaşlıq, Transformasiya – Dayanıqlı Gələcəyin Qurulması
17 oktyabr 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK
Azərbaycan) qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya,
Əməkdaşlıq, Transformasiya: Dayanıqlı Gələcəyin Qurulması” şüarı altında növbəti tədbirini
keçirib. Tədbirdə 70-dən çox qonaq iştirak edib. Tədbirin fəxri qonaqları, Kamal Abbasov,
Azərbaycan Respublikası Energetika Nazirinin müavini, və Sevinc Fətəliyeva, Milli
Məclisin deputatı və COP29 Təşkilat Komitəsinin üzvü, COP29 ilə bağlı aktual
məqamları tədbir iştirakcılarının nəzərinə çatdırıb. Bunun ardınca isə, öz sahəsinin tanınmış
nümayəndələri ilə maraqlı panel müzakirəsi keçirilib.
AHK Azərbaycan İdarə Heyətinin Sədr müavini Dr. Henning Sasse, tədbir iştirakçılarını
açılış nitqi ilə salamlayıb və tədbirin proqramına dair məlumat verib. Daha sonra, o, sözü
Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini Heiko Schwarza
verib.
Cənab Schwarz öz çıxışında Azərbaycanın Alman biznesləri üçün mövcud potensial imkanlarını
vurğulayıb. O həmçinin Azərbaycanda Almaniyanın innovativ təcrübəsinin mübadiləsini təşviq
etmək və ölkələrimiz və bütövlükdə Aİ arasında əməkdaşlığı inkişaf etdirməyin önəmindən
danışıb. Cənab Schwarz nitqini: “COP29 bu bölgədə inkişafın sürətlənməsi üçün bir katalizator
rolunu oynaya bilər. Gəlin bu fürsətdən istifadə edərək, birgə innovasiyanı və dayanıqlı inkişafı
irəlilədək! Mən əminəm ki, gələcəkdə Azərbaycan yalnız neft və qaz istehsalçısı kimi deyil, eyni
zamanda yaşıl enerji lideri kimi də qlobal səviyyədə tanınacaq” sözləri ilə bitirib.
Daha sonra Kamal Abbasov Azərbaycanın yaşıl enerji sektorundakı dinamik inkişafı və
layihələri haqqında əsas məqamları işıqlandırıb. O bildirib ki: “Strateji tədbirlərin həyata
keçirilməsi nəticəsində, 2027-ci ilə qədər bərpa olunan enerji payının elektrik enerjisinin qoyuluş
gücündə 33 %-ə, elektrik enerjisinin istehsalında isə 25 %-ə çatacağı planlaşdırılır. Bu təşəbbüs,
quraşdırılmış tutumdakı bərpa olunan enerji payını artırmağı və elektrik istehsalını gücləndirməyi
məqsəd qoyaraq, Azərbaycanın 2030-cu il üçün nəzərdə tutulmuş 30% hədəfini aşmağı
mümkünləşdirir. Bu məqsədlərə çatmaq üçün Azərbaycanın bərpa olunan enerji mənbələrində
əhəmiyyətli potensialı var.” Cənab Abbasov, həmçinin Azərbaycanın Masdar, ACWA Power və
bp kimi aparıcı beynəlxalq şirkətlərlə bərpa olunan enerji layihələrində əməkdaşlıq etdiyini qeyd
edib. Bu tərəfdaşlıqların, daxili istehlakı asanlaşdırıb, iqtisadiyyatın dekarbonizasiyasına töhfə
verərək gələn onillikdə ixracı artıracağını da qeyd edib. Əlavə olaraq, o, COP29-un dayanıqlı
gələcək üçün iqlim dəyişikliyinə qarşı mübarizədəki əhəmiyyətini vurğulayıb.
Görüşün davamında Almaniyanın İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin
Beynəlxalq İqlim Fəaliyyəti və Beynəlxalq Enerji Keçidi üzrə Baş direktorunun müavini
Dr. Vera Rodenhoffdan önəmli bir video mesaj dinlənilib. Dr. Rodenhoff mesajında, COP29-un hökumətlər və bizneslər arasında sərhədləri aşan əməkdaşlıq üçün vacib bir fürsət olduğunu
vurğulayaraq bu prosesin dayanıqlı inkişaf və yaşıl gələcəyə doğru irəliləyişə böyük tövhə verə
biləcəyini bildirib. O eyni zamanda, enerji səmərəliliyinin artırılmasının zərurətini də xüsusilə
qeyd edib.
Sevinc Fətəliyeva çıxışında Azərbaycanın yaşıl iqtisadiyyatını və dayanıqlı inkişafını təşviq
etmək istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib. Əsas məqamlar arasında
İsveçrədəki WTO İctimai Forumunda təqdim olunan Bakı İqlim Maliyyəsi, İnvestisiya və Ticarət
Təşəbbüsü (BICFIT) yer alıb. O, həmçinin beynəlxalq standartlara uyğunluğu təmin etmək
məqsədilə Azərbaycanın BMT ilə metodoloji və texniki dəstək üçün memorandumların
imzalandığını vurğulayıb. Daha sonra Xanım Fətəliyeva qeyd edib ki, COP29 enerji keçidinin
maliyyələşdirilməsi mexanizmlərinin təmin olunmasına yönələcək. Fəaliyyət Proqramında yer
alan əsas təşəbbüslərdən biri İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fondunun (CFAF)
yaradılmasıdır. Bu fond iqlim maliyyələşdirilməsində mövcud boşluqların aradan qaldırılmasında
önəmli rol oynayacaq. Xanım Fataliyeva, həmçinin COP29 kontekstində Azərbaycanın
Beynəlxalq Parlamentlər İttifaqı (IPU) ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Çıxışından
sonra, xanım Fataliyeva iştirakçıların suallarını ətraflı şəkildə cavablandırıb.
Tədbir Sustainera Solutions şirkətinin İcraçı Direktoru İlkin Hacıyevin moderatorluğu ilə
“ESG-nin Dayanıqlı inkişafda təsiri: Enerji, Nəqliyyat və Tikinti” adlı maraqlı panel
müzakirəsi ilə davam edib.
Paneldə SOCAR Green MMC-nin Baş Direktoru Elmir Musayev; Azərbaycan Sement
İstehsalçıları Assosiasiyasının (ASİA) İdarə Heyətinin Üzvü Khalid Samaka; PMD Projects
MMC-nin Keyfiyyət və SƏTƏM üzrə Rəhbəri Vüqar Hacıyev; Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı QSC-nin ESG üzrə Məsləhətçisi və Dayanıqlı İnkişaf Təşəbbüsləri üzrə
Layihə Rəhbəri Qurban Kərimbəyli və PwC Azərbaycanda Genişləndirilimiş Təminat
Xidmətləri üzrə Baş Menecer Günay Əsgərova iştirak ediblər. Panel iştirakçıları təmsil
etdikləri şirkətlərin davamlılığı və ESG strategiyaları haqqında tədbir qonaqlarını
məlumatlandırıb və bu strategiyaları inkişaf etdirmək üçün müxtəlif layihələr və həll yolları ilə
bağlı öz fikirlərini bölüşüb.
Tədbir sual-cavab sessiyası, canlı müzakirələr və sonda biznes naharı ilə başa çatıb.