Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky-nin informasiya təhdidlərinin inkişafı barədə hesabatına görə, bu ilin birinci rübündə Azərbaycanda veb-antivirus quraşdırılmış cihazların 9%-də bu və ya digər zərərli proqram bloklanıb. Ümumilikdə, internetdən yoluxma riskinə məruz qalan istifadəçilərin ən yüksək nisbətinə görə Azərbaycan dünya reytinqində ilk 20-liyə daxil olub (17-ci yer).

Bundan əlavə, mart ayında dünyada mədənçi (miner), yəni yoluxmuş cihazlardan kriptovalyuta oğurlamaq üçün hazırlanmış proqramların hücumlarında canlanma müşahidə olunub. Kaspersky-nin qoruma məhsulları fevral ilə müqayisədə mart ayında bu cür hücumların sayında 4 dəfədən çox artım müəyyən edib. Mütəxəssislərin təxminlərinə görə, mart ayındakı canlanma kriptovalyuta qiymətlərindəki artımla bağlı ola bilər.

İlin əvvəlində qeydə alınmış digər vacib trendlər arasında bank, o cümlədən mobil telefon troyanlarının hücum sayındakı azalma və fidyə proqramlarının arsenalının genişlənməsini də qeyd etmək olar. Kaspersky,yanvardan mart ayına qədərki dövrdə yeddi yeni kriptoqraf ailəsi və bu tip zərərli proqramların 4354 yeni modifikasiyasını aşkarlayıb.

“Güman edirik ki, təcavüzkarlar bitkoin qiymətlərindəki artımı öz maraqları üçün istifadə etməyə qərar verib və mədənçi proqramları aktiv istifadə edilən alətlər siyahısına qaytarıblar. Əgər kriptovalyuta bahalaşmağa davam etsə, bu cür hücumların sayı da artmağa davam edəcək, amma ötən ilin trendində müşahidə olunan qırılma anı – mədənçi hücumuna məruz qalan istifadəçi sayının azalması barədə danışmaq hələ tezdir,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber təhdidlərin 2021-ci ilin birinci rübü üçün ümumi mənzərəsi barədə daha ətraflı buradan oxuya bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q1-2021-non-mobile-statistics/101518/.

*Məlumatlar Kaspersky həlləri tərəfindən 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda emal olunan anonim statistika əsasında əldə edilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: