Mobil dünyaTəqdimat

“Kaspersky”nin məlumatların bərpası üçün pulsuz alətləri 360000 dəfədən çox yüklənib

No More Ransom” təşəbbüsü çərçivəsində “Kaspersky”nin pulsuz deşifrə alətləri beş il ərzində 360000 dəfədən çox yüklənib. Hazırda onların köməyi ilə 39 fidyə proqramı ailəsi tərəfindən kilidlənmiş faylların şifrəsini açmaq mümkündür.

Fidyə proqramı istifadəçi məlumatlarını şifrələyən, onu sahibi üçün əlçatmaz edən və onun kilidini açmaq üçün fidyə tələb edən zərərli proqramdır. Təcavüzkarlar bu cür proqramların yeni versiyalarını inanılmaz sürətlə inkişaf etdirirlər. Belə ki, 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabrına qədər “Kaspersky” tərəfindən 23364 fidyə proqramı modifikasiyası müəyyən edilib və bu cür zərərli proqramların 43 yeni ailəsi aşkar edilib.

“Kaspersky” 2016-cı ildə Europol və Hollandiya polisinin iştirakı ilə başladılan fidyə proqramları ilə mübarizə təşəbbüsü “No More Ransom”un təsisçi tərəfdaşlarından biridir. Təşəbbüsün iştirakçıları fidyə proqramlarının hücumları ilə bağlı risklər və onlara qarşı mübarizə aparmaq üçün ən yaxşı təcrübələr haqqında danışaraq deşifrə alətləri hazırlayırlar. 2023-cü ilin mart ayında “Kaspersky” əvvəllər sızdırılmış “Conti” proqramının koduna əsaslanan fidyə proqramı modifikasiyalarının qurbanlarına kömək etmək üçün deşifrə alətinin yeni versiyasını buraxıb.

“Kibertəhdidlər inkişaf etdikcə, dövlət və özəl təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti daha da artır. “No More Ransom” layihəsi və https://noransom.kaspersky.com/ru/ saytı kollektiv səylərin vəziyyəti yaxşılığa doğru necə dəyişdirə biləcəyinə nümunədir. Biz qəti şəkildə tövsiyə edirik ki, bu cür zərərli proqramların qurbanı olmuş insanlar və şirkətlər fidyə ödəməsinlər, əvəzində qiymətli fayllara girişi bərpa etmək üçün pulsuz vasitələrdən istifadə etsinlər”, – deyə “Kaspersky”nin hökumətlə əlaqələr üzrə direktoru Yuliya Şlıçkova qeyd edir.

Fidyə proqramları ilə mübarizə, həmçinin “No More Ransom” təşəbbüsü haqqında daha çox məlumatı buradan əldə edə bilərsiniz. “Kaspersky”nin məlumatlara girişi bərpa üçün alətləri bu səhifədə mövcuddur: https://noransom.kaspersky.com.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!