IqtisadiyyatSağlamlıqTəqdimat

Koreya hökuməti ölkəmizə tibbi avadanlıqlar ianə edib

Koreya hökuməti COVID-19 pandemiyasından sonrakı dövrdə həssas əhali qruplarından olan uşaqların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edib.

İanə edilmiş avadanlıqlar defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının profilaktikası məqsədi ilə qeyri-invaziv cihaz, yenidoğulanlar üçün küvəz və radiant qızdırıcı, fototerapiya cihazı və oksigen tənzimləyicidən ibarətdir. Avadanlıqların ümumi dəyəri 300 000 ABŞ dolları (510 000 manat) təşkil edir.

Defibrilyator həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək üçün nəzərdə tutulub. Defibrilyator vasitəsilə monitor rejimdə elektrokardioqrafiya (EKQ) müayinəsi, saturasiya, qan təzyiqi, bədən hərarətini və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür.

Böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün nəzərdə tutulan və çoxsaylı ventilyasiya rejimlərinə malik 2 ədəd anesteziya aparatı 38 sm ölçüdə rəngli monitorla təchiz edilib. 3 ədəd fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.
İanə edilmiş 5 ədəd küvəzdə havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvəzlər rentgen kasetlərlə təchiz edilib.

6 ədəd süni tənəffüs aparatı İntensiv terapiya şöbələrində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 33 sm ölçüdə toxunma ekranla təchiz edilən cihazda müxtəlif ventilyasiya rejimlərini seçmək mümkündür. Xəstəxanadaxili nəqliyyat rejimi pasiyenti fasiləsiz sürətdə ventilyasiya ilə təmin edərək tibb müəssisəsi daxilində süni tənəffüs aparatına qoşulu vəziyyətdə daşımağa imkan verir. Daxili enerji saxlayıcı elektrik enerjisi kəsildikdə, cihazın 150 dəqiqə fasiləsiz işini təmin edir.

Qeyd edək ki, tibbi avadanlıqlar Respublika Perinatal Mərkəzinə və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına verilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!