EventsMədəniyyətTəqdimat

Kukla teatrları bir səhnədə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan “Kukla teatrları həftəsi” çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrında təntənəli açılış mərasimi olub.

Mədəniyyət Nazirliyi təmsilçilərinin, ədəbiyyat, incəsənət, teatr xadimləri, eləcə də beynəlxalq teatr təşkilatı və festivalları nümayəndələrinin iştirak etdiyi sənət bayramı ev sahiblərinin təqdimatında “Nağılvari” adlı tamaşa çələngi ilə başlayıb.

Ardınca teatr həftəsində təmsil olunan kollektivlərin yaradıcılığı haqqında videoçarx təqdim edilib.

Tədbir teatr həftəsinin ilk qonaq kollektivi olan Gəncə Dövlət Kukla Teatrının təqdimatında “Ana qaz” tamaşasının nümayişi ilə davam edib.

Xalq şairi Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının quruluş müəllifi və musiqi tərtibatçısı teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayevdir.

Yeddi balasını itirən ana qazın faciəsini ifadə edən xoreoqrafik tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və digərləri oynayıblar.

Alqışlarla qarşılanan nümayişin ardınca Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə gəncəli kuklaçılara fəxri diplom və xatirə hədiyyələri təqdim edib.

Teatr bayramının ikinci günü isə Qax Dövlət Kukla Teatrının yaradıcı heyəti öz sənət sovqatlarını təqdim ediblər. Onlar paytaxt kuklasevərlərinə repertuarlarındakı baxımlı səhnə nümunələrindən olan “Xeyir və şər” adlı pantomima kukla tamaşalarını nümayiş etdiriblər.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xeyir və şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın quruluş müəllifi Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir.

Kukla texnikası ilə canlı plan, eləcə də pantomimanın sintezində hazırlanan birhissəli uşaq tamaşasında rolları Orxan Əminov, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və Elnarə Razıyeva ifa ediblər.

Nümayişin ardınca qaxlı kuklaçılara da tədbirdə iştirakla bağlı fəxri diplom və xatirə hədiyyələri verilib.

Xatırladaq ki, ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməyə köklənən “Kukla teatrları həftəsi” ölkənin bütün kukla teatrlarını əhatə edir. Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “açıq qapı” formatında reallaşır. Burada əsas məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.

Qeyd edək ki, iyunun 17-dək davam edən “Kukla teatrları həftəsi”nin növbəti günlərində səhnəni Salyan, Naxçıvan və ev sahibi Bakı kuklaçıları bölüşəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!