“Market Analysis Azerbaijan 2022-2023”ün eksklüziv nəşrinin təqdimatı keçirilib

Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) “Market Analysis Azerbaijan 2022-2023” adlı yeni eksklüziv nəşrinin rəsmi təqdimatını keçirib.

Frame.az xəbər verir ki, nəşr “AHK Azərbaycan” tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Tədbirdə 50-yə yaxın yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq qurumların təmsilçiləri, nəşrə öz bəyanatları ilə töhfə verən Alman və Azərbaycan şirkətlərinin direktorları və baş menecerləri, o cümlədən mətbuat nümayəndələri iştirak edib.

Tədbir AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumann və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemannın salamlama nitqi ilə açılıb. R. Horlemann bu layihəni yüksək dəyərləndirdiyini bildirib və onu “Mütləq oxunmalı və tanınmalı nəşr” adlandırıb. O, çıxışında Almaniya ilə Azərbaycan arasında biznes üçün geniş perspektivlərin olduğunu vurğulayıb. Həmçinin bildirib ki, “Azərbaycan bazarının təhlili 2022- 2023 nəşri Almaniya şirkətlərinin hansı sahələrə böyük maraq göstərə biləcəklərini aydın şəkildə təqdim edir.”

Daha sonra nəşrdə təhlil olunan sənaye sahələrinə dair əsas məqamlar cənab Baumann tərəfindən təqdim olunub. O, bu uğurlu əməkdaşlığa görə GTAI təşkilatına və dəyərli bəyanatlarla nəşri dəstəkləyən şirkətlərə öz minnətdarlığını bildirib. Təqdimat zamanı o, təkcə ümumi tendensiyaları qeyd etməklə kifayətlənməyib, həm də AHK Azərbaycanın işgüzar səfərlər, tərəfdaşlıqlar və tədqiqat layihələri vasitəsilə sektorların inkişafına fəal şəkildə öz tövhəsini verdiyini vurğulayıb.

Qeyd edək ki, “Market Analysis Azerbaijan 2022-2023” nəşri Azərbaycan iqtisadiyyatının 12 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hal-hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumat təqdim edir. Nəşr Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır. Həmçinin, nəşrə aparıcı Alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək vəzifəli nümayəndələrinin ölkədəki biznes mühitinin qiymətləndirilməsi, o cümlədən şirkətləri və layihələri ilə bağlı mövcud vəziyyətə dair bəyanatları daxildir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: