Sərgi

NUR ART HOUSE tamaşaçıları İsgəndərovlar ailəsinin sənət dünyasına dəvət edir

Dünən “NUR Art House” qalereyasında “İsgəndərovlar ailəsi. Heykəltaraşlıq, Rəngkarlıq, Qrafika” sərgisinin açılış mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Qalereyanın Baş direktoru, sənətşünaslıq doktoru, professor Röya xanım Tağıyeva sərginin əhəmiyyətindən, Azərbaycan incəsənətinin təbliğində rolundan və “NUR Art House” qalereyasında artıq ənənəyə çevrilən “Ustad Dərs”lərinin mədəni irsimizin qorunub saxlanılmasında və sənətkarlığın təşviqində əhəmiyyətindən söhbət açdı. Natiq həmçinin Azərbaycanda tarixən davam edən ənənəvilik və varisliyin bu gün İsgəndərovlar ailəsinin timsalında bariz nümunə olduğunu qeyd etdi. Zeynalabidin İsgəndərovun özünəməxsus dəst-xəttinin təkcə heykəltaraşlıq nümunələrində deyil, rəngkarlıq əsərlərində də özəlliklərini vurğuladı. Əməkdar rəssamın övladları – Əli və Xanımın da sənətdən bəhrələnərək onu özünəməxsus tərzdə təqdim etdiklərini söylədi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, hörmətli rəssamımız Arif Əziz isə Zeynalabidin müəllimlə emalatxana qonşusu olduğunu və onu daha çox heykəltaraş kimi tanısa da bu gün sərgidə gördüyü rəngkarlıq nümunələrindən valeh olduğunu bildirdi və sənətkarı şəxsiyyət kimi xarakterizə etdi.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov Zeynalabdin müəllimin əsərlərində düşündürücü məqamları vurğuladı, eyni zamanda plastikanın dili ilə fəlsəfi mesajın uğurla çatdırıldığını qeyd etdi. Ağəli müəllim həmçinin sərginin olduqca səmimi ortamda, Azərbaycanın tanınmış ziyalılarının bir araya gəldiyi salonda baş tutduğunu söyləyərək, bu gözəl ab-havanı yaratdığına görə Röya xanıma təşəkkürünü bildirdi.
Sənətsevərlərlər görkəmli alim, kulturoloq, professor Fuad Məmmədovu dinləməkdən zövq aldılar. Fuad müəllim sözünə Dostoyevskidən “Dünyanı gözəllik xilas edəcək” kəlamı ilə başladı və “Mədəniyyətin dünyanı xilas edəcəyi” kimi dəqiqləşdirmə apardı. Sərginin özəl xüsusiyyətlərini isə insanların mədəniyyətə yaxınlığında və ünsiyyət meydanına çevrilməsində gördü.

Azərbaycanın Əməkdar rəssamı, Roma İncəsənət Akademiyasının fəxri professoru Zeynaladibin İsgəndərov tamaşaçılara və təşkilatçılara təşəkkürünü bildirərək, ümumilikdə əsərlərin Yaradanın bəxş etdiyi ilhamın bəhrəsi olduğunu və məhz bu səbəbdən yaddaşlarda qaldığını söylədi.
Sərgini açıq elan edən Röya xanım tamaşaçıları 26.04.2017-ci il tarixində saat 16.00-da Zeynalabidin müəllimin “Natura ilə iş” Ustad Dərsi”nə dəvət edərək onlara xoş istirahət arzuladı.
Hər zaman mədəniyyətimizin tanıtımını ən ümdə məqsədi hesab edən NUR Art House qalereyasında sərgi 30.04.2017-ci il tarixinədək davam edəcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!