SağlamlıqTəqdimat

Ordubad rayon Mərkəzi Xəstəxanasında ard-arda uğurlu əməliyyatlar icra edilir

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov ötən günlərdə mətbuata açıqlamasında muxtar respublikada rayon xəstəxanalarının konkret istiqamətlər üzrə ixtisaslaşdırılacağını, bununla da xəstəxanaların infrastrukturundan daha kompleks istifadə olunmasına nail olunacağını açıqlamışdı. Bu istiqamətdə aparılan işlər Culfa Regional Tibb Mərkəzinin tabeliyində Ordubad rayon Mərkəzi Xəstəxanasında  ard-arda uğurlu əməliyyatların icra edilməsi ilə nəticələnir. Xəstəxanada fəaliyyətə başlayan plastik-rekonstruktiv cərrah Vüqar Əsgərov 9 dekabr tarixində 4 əməliyyat icra edib. Pasiyentlərdən Ordubad rayon Gənzə kənd sakini 1990-cı il təvəllüdlü İsmayılova Ceyran Yədullah qızına xarici burnun deformasiyası, donqarlıq və çəpər əyriliyi diaqnozu ilə “rinoseptoplastika”, Ordubad rayon Düylün kənd sakini 1976-cı il təvəllüdlü Əliyev Cümşüd Telman oğluna çəpər əyriliyi diaqnozu ilə “septoplastika”, Ordubad rayon Əndəmic kənd sakini 2004-cü il təvəllüdlü İsmayılova Aysun Mürşid qızına çəpər əyriliyi diaqnozu ilə “septoplastika”, Ordubad rayon Azad kənd sakini 1958-ci il təvəllüdlü Əsədov Qadir Hacı oğluna burun daxili polip diaqnozu ilə “polipin ləğvi” əməliyyatı icra edilib. Əməliyyatlar uğurla yekunlaşdırılıb.

Həmçinin dünən cərrah travmatoloq-ortoped Elşən Paşayev xəstəxanada növbəti uğurlu endoprotez əməliyyatı icra edib. Ordubad şəhər sakini 1948-ci il təvəllüdlü Kazımova Məsmə Hüseyn qızına sol bud sümüyü boynunun sınığı diaqnozu ilə “sol bud çanaq oynağının bipolyar endoprotezləşdirilməsi” əməliyyatı aparılıb. Xatırladaq ki, ötən ay doktor Elşən Paşayev tərəfindən Ordubad rayon Mərkəzi Xəstəxanasında ilk iki endoprotez əməliyyatları  icra edilmişdi.

Ordubad rayon Mərkəzi Xəstəxanasında yeni fəaliyyətə başlayan həkimlərə gəldikdə isə onlar  həkim estetik cərrah Vüqar Əsgərov, həkim travmatoloq-ortoped Elşən Paşayev, həkim mama-ginekoloq Sürəyya Hacıyeva, həkim endokrinoloq Aytac Həsənova, təcili yardım həkimləri  Günel Novruzlu və Leyla Əmirovadır. Xəstəxanada güclü həkim komandasının formalaşdırılması istiqamətində görülən işlər gələcəkdə burada daha böyük uğurlara və ilklərə imza atılacağına əminlik yaradır. Uğurlar olsun! Var olsun şəfalı əllər!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!