CinemaEventsTəqdimatƏn Son

Park Cinema Azercell İMAX kinoteatrında “Buz dövrü: Toqquşma qaçılmazdır”ın ictimai nümayişi keçirilib

İyulun 13-də, saat 18:00-da Park Cinema Azercell İMAX kinoteatrında əfsanəvi animasiya franşizinin növbəti hissəsi – “Buz dövrü: Toqquşma qaçılmazdır” multfilminin ictimai nümayişi keçirilib. Mövcud xoş ənənəyə uyğun olaraq ictimai nümayişdə kino və incəsənət xadimləri, görkəmli ictimaiyyət, o cümlədən şou-biznes, KİV nümayəndələri, tanınmış bloqerlər iştirak ediblər. Animasiya filmləri ilə bağlı əvvəlki ictimai nümayişlərdə olduğu kimi, bu dəfə də nümayişdə çoxlu sayda uşaq iştirak edib. Park Cinema kinoteatrlar şəbəkəsi və Film Distribution şirkətinin təşkil etdikləri ictimai nümayişin sponsoru Shokki Mokki olub.
Əksər tamaşaçıların uşaqlıqdan bəri seyr etdikləri “Buz dövrü” animasiya franşizinin qəhrəmanları əvvəlki hissələrdə sağ qalmış mamontları tapmağı, selin qarşısnı almağı və hətta dinozavrlar dünyasında olmağı bacarıblar. “Cəsur heyvanları daha nə kimi sınaqlar gözləyə bilər ki?” sualı yarana bilər, axı onlardan bəzisi hətta ailə belə qurublar. “Buz dövrü” seriyası – dünya kinematoqrafiya tarixində miqyasına görə ikinci animasiya franşizidir. Hər növbəti filmdə biz daha çox macəra, yumor və səmimilik görürük. “Buz dövrü: Toqquşma qaçılmazdır” filmi franşizin ən irimiqyaslı və ambisiyalı layihəsidir – bu film “Buz dövrü” seriyasında xüsusi yer tutacaq. Bu dəfə tamaşaçılar yeni gerçəkliyə düşüblər: bu kosmos və Geotopiya kimi tanınan xüsusi dünyadır.
“Buz dövrü: Toqquşma qaçılmazdır” filmində əsas personaj – Skrat ləqəbli sərsəm dələ tilsimlənmiş palıd qozasının axtarışlarını davam etdirir. Bu dəfə o “Buz dövrü”nün qəhrəmanlarından heç birinin ayaq basmadığı yerə – kosmosa düşür. Bu macəraların nəticəsi az qala fəlakətə gətirib çıxarır. Yeni filmdə Skrat sürünün həyatına komiklik əlavə etməklə kifayətlənmir, o əsas qəhrəman kimi çıxış edir.
Sən demə, Günəş sisteminin bizim alışdığımız mövcud vəziyyətini alması Skratın əməlidir, lakin o bununla da kifayətlənməyərək digər qalaktikalara da yol alıb. Kosmosu tar-mar edən dələ Yerə geri dönür və özü ilə nəhəng meteorit də gətirir. Skratın hərəkətləri bütün Yer planetini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Köhnə dostlar – ərincək Sid, Meni və Dieqo vəziyyəti xilas etməyə çalışırlar. Digər heyvanlar kimi onlar da evlərini tərk edərək kəşf olunmamış yeni dünyalarla və bənzəri olmayan parlaq personajlarla tanış olacaqları mürəkkəb və macəralarla dolu səyahətə yola çıxırlar.
Azərbaycanda premyerası iyulun 14-nə təyin olunan “Buz dövrü: Toqquşma qaçılmazdır” (ABŞ-da premyera iyulun 22-də) filmi Blue Sky Studios studiyasının və 20th Century Fox şirkətinin istehsalı olan “Buz dövrü” animasiya filmləri seriyasının sayca beşincisidir.
Franşizin beşinci hissəsinin rejissorları Mayk Törmayer və Qalen T.Çu, prodüseri isə Lori Fortedir.

Park Cinema

@Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!