IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Qarabağ Dirçəliş Fondu Qarabağdakı quruculuq işlərində gənclərin iştirakının təmin olunması ilə bağlı görüşlərə start verib

Qarabağ Dirçəliş Fondu (QDF) gənclərin Qarabağ həqiqətləri ilə bağlı maarifləndirilməsi, Qarabağda aparılan quruculuq işlərində onların iştirakının daha geniş şəkildə təmin olunması məqsədilə “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda silsilə görüşlərə start verib.

Fondun mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, ilk görüş “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvləri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək onlara Qarabağda erməni işğalının nəticələri barədə məlumat verib. Dağıntıların miqyasının çox böyük olduğunu deyən İdarə Heyətinin sədri əsas məqsədlərindən birinin ermənilərin Qarabağda törətdikləri cinayətlər, dağıntılar barədə mümkün qədər çox insanı məlumatlandırmaq olduğunu diqqətə çatdırıb. Hazırda Qarabağda bərpa işlərinin sürətlə davam etdiyini deyən R.Hacıyev hər kəsi bərpa prosesində fəal iştirak etməyə çağırıb. O deyib: “Bildiyiniz kimi, işğal müddətində ermənilər Qarabağda misli görünməmiş dağıntılar törədiblər. Dağıdılmış evlərin, abidələrin, digər tikililərin bərpası külli miqdarda vəsait, vaxt tələb edir. Yalnız ictimaiyyətin bərpa prosesinə fəal qoşulması ilə Qarabağı daha tez dirçəldə, qayıdış prosesini sürətləndirə bilərik. Bunun üçün isə ianə etmək də böyük fayda verə bilər”.

“Karabakh.Center” layihəsi barədə məlumat verən R.Hacıyev bu resursun Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmasının təsadüfi olmadığını söyləyib. Qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Karabakh.Center” layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəblər, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

İdarə Heyətinin sədri bildirib ki, təqdim edilən internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Bu isə cəmiyyətimizin, diasporun və dövlətimizin dostlarının səylərinin səfərbər olunmasına təkan verəcək. “Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotosu və videogörüntüsü bu saytda yer alır. Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir”, – deyə R.Hacıyev diqqətə çatdırıb.

Sonra Fondun hazırladığı “Qarabağda urbisid” – dağıntıların və zərərin miqyası haqqında sənədli film nümayiş olunub.

QDF-in Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova Qarabağın dirçəlişi uğrunda birlik və həmrəyliyin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Şöbə müdiri Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur qalması, 30 ilə yaxın bir müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla yanaşı, gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

“Qarabağ Azərbaycandır!” mövzusunda çıxış edən tarixçi, siyasi analitik Fərhad Məmmədov tarixə ekskursiya edib, Qarabağ münaqişəsinin səbəbləri barədə danışıb. İkinci Qarabağ müharibəsinin gedişi zamanı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı təzyiqlərin olduğunu deyən F.Məmmədov bu təzyiqlərin xalqımızın birliyini, əzmini qıra bilmədiyini vurğulayıb.

Jurnalist Elşən Rüstəmov “Şəhid şəhərlər” mövzusunda çıxış edərək 30 ilə yaxın davam edən işğal dövründə ermənilərin şəhərlərimizə, kəndlərimizə qarşı həyata keçirdikləri barbarlıq, vandallıq aktları barədə məlumat verib.

QDF-in PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova gənclərin Qarabağ həqiqətləri ilə bağlı təlimatlandırılmasının əhəmiyyətindən danışaraq həm ermənilərin ifşa olunması, həm də Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsi baxımından onların rolunun vacibliyini vurğulayıb.

“BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Mirzəzadə də bu işdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. O, eyni zamanda, gənclərin iştirakı ilə yaxın günlərdə Qarabağla bağlı müxtəlif tədbirlərin və layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov “Qarabağ tarixinin təhrifi: keçmiş və bu gün” mövzusunda çıxış edərək gəncləri Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumatlandırıb. Ermənilərin uzun müddətdir tarixi faktları təhrif edərək öz yalanlarına dünyanı inandırmağa çalışdığını deyən F.Cabbarov artıq ermənilərin tutarlı faktlarla ifşa olunduğunu, onların informasiya savaşında da məğlub edildiklərini deyib.

Çıxışlardan sonra Pərvin Məmmədova və Elnur Mirzəzadənin moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Gənclər onları maraqlandıran mövzular ətrafında suallar verməklə yanaşı, Qarabağın gələcəyi ilə bağlı fikir və təkliflərini də səsləndiriblər.

Qeyd edək ki, QDF erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” (https://karabakh.center/az) layihəsi çərçivəsində bir neçə alış-veriş mərkəzində fotosərgilərin keçirilməsi, Qarabağda aparılan bərpa işlərinə ianələrin cəlb edilməsinin təşviqi məqsədilə “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinə qrant ayırıb.

Fond, eyni zamanda, yaxın gələcəkdə digər təşkilatların və universitetlərin tələbələrinin Qarabağla bağlı həyata keçirilən layihələrdə iştirakını təmin etməyi nəzərdə tutur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!