Qayanın içində gizlənən möcüzə: Diri Baba Türbəsi
Qobustan şəhərində yerləşən, Azərbaycanın ən sirli və özünəməxsus memarlıq abidələrindən biri olan Diri Baba türbəsinə turist marağı artmaqda davam edir.
2026-cı ilin yanvar-sentyabr aylarında abidəni 28 215 nəfər ziyarət edib. Onlardan 12 175-i xarici, 16 040-ı isə yerli turistlərdir. Xarici ziyarətçilər arasında ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri və hətta Madaqaskardan gələn turistlər var.
Hazırda Diri Baba kompleksində yeni mərhələyə keçən arxeoloji qazıntı, konservasiya və restavrasiya işləri aparılır. Türbənin özünün və ətraf ərazinin bərpasının bir neçə ay davam edəcəyi gözlənilir. İşlərin turist axını və hava şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirildiyi bildirilir.
Ərazidə daha bir tarixi sirr..
Diri Baba kompleksində diqqət çəkən yeniliklərdən biri də türbənin qarşısındakı tarixi ərazi ilə bağlıdır. 2022-ci ildə aparılan arxeoloji qazıntılar zamanı müsəlman qaydasında dəfn edilmiş insan skeleti aşkarlanıb. Avstriyadan dəvət olunmuş antropoloqların araşdırması nəticəsində onun Diri Baba kimi tanınan şeyxə deyil, XVI əsrdə – təxminən 1510–1530-cu illərdə yaşamış başqa bir şeyxə aid olduğu müəyyənləşdirilib. Həmin məzarın üzərində yeni türbə və müvafiq infrastruktur yaradılması işlərinə də başlanılıb.
Bu isə Diri Baba ərazisinin yalnız bir türbədən ibarət olmadığını, burada orta əsrlərə aid daha geniş tarixi-memarlıq kompleksinin formalaşdığını göstərir.
Diri Baba niyə bu qədər maraq doğurur?
1402-ci ildə Şirvanşah I İbrahimin əmri ilə inşa edilən türbə qaya ilə tikilinin qeyri-adi vəhdəti ilə seçilir. Abidənin bir hissəsinin təbii qaya daxilində yerləşməsi onu Azərbaycan memarlığının ən fərqli nümunələrindən birinə çevirir. Ətrafdakı mağaralar, kahalar, orta əsr qəbiristanlığı və qədim türbə qalıqları da kompleksin tarixi əhəmiyyətini artırır.
Ərazidə əvvəlki mərhələlərdə yol və meydanlar abadlaşdırılıb, pilləkənlər yenilənib, işıqlandırma, kommunikasiya xətləri, oturacaqlar və 20 yerlik avtodayanacaq yaradılıb. Tarixi qəbiristanlıqda 40 qəbir tədqiq edilib, ətrafdakı 8 mağara araşdırılıb və bir neçə mağara turistlərin ziyarəti üçün hazırlanıb.
Bu gün Diri Baba artıq sadəcə qədim türbə deyil – arxeologiya, memarlıq, sufizm və turizmin bir araya gəldiyi canlı tarixi məkan kimi yeni mərhələyə qədəm qoyur.
2026-cı ilin ilk 9 ayında 28 mindən çox ziyarətçinin buraya gəlməsi də abidəyə marağın miqyasını göstərir.

