“Scholarship for Women Engineers” layihəsinə yeni universitetlər qoşulur
Coca-Cola İçecek (CCI) 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinə uyğun olaraq Azərbaycanda istehsalat sahəsində qadınların sayını artırmaq məqsədi ilə “Scholarship for Women Engineers” layihəsinə start verib.
Coca-Cola layihə çərçivəsində ölkədəki texniki sahə üzrə təhsil verən ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayaraq tələbələri ödənişli təcrübə proqramına cəlb edir. Azərbaycan Bakı Mühəndislik Universiteti ilə başlayan bu layihəyə artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti də qoşulub.
Şirkətin məqsədi istehsalatda qadın mühəndislərin sayının artırılması, xüsusi texniki sahələrdə qadınların işlə təmin olunması və karyera inkişafına dəstək olmaqdır.
Universitetlərlə imzalanmış memoranduma əsasən mühəndislik istiqamətində təhsil alan, ingilis dili bilikləri, analitik düşünmə tərzi, komandada çalışma bacarığı olan çevik tələbələr layihəyə müraciət edə bilərlər. Seçim prosesi şirkətin məsul şəxsləri ilə müsahibə, eyni zamanda ingilis dili və məntiq biliyi üzrə test yolu ilə aparılır. Proqrama seçilən iştirakçılar 3 aylıq təqaüd və Coca-Colanın Təchizat Sistemləri departamentində 6 aylıq ödənişli təcrübə imkanı qazanırlar. Şirkət, həmçinin, təcrübəni uğurla başa vuran iştirakçıları xüsusi texniki sahələrdə işlə təmin etməyi də hədəfləyir.
Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova CCİ-ın 2030-cu ilə qədər olan öhdəliklərinin “Müxtəliflik və Daxilolma” bəndinə uyğun olaraq şirkətin müxtəlif proqramlar, o cümlədən, işə qəbul kvotaları vasitəsilə işçi qüvvəsində qadınların sayının artırılmasını nəzərdə tutduğunu bildirib: “Coca-Cola sistemi qadınların iqtisadi imkanlarının artırılması ilə yanaşı, onların istehsalatda da iştirakını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirir. İnanırıq ki, bu layihə qadın mühəndislərə beynəlxalq şirkətdə təcrübə keçib iş mühitində bacarıqlar əldə etmək imkanı verəcək”.
Qeyd edək ki, “Scholarship for Women Engineers” layihəsi Noyabr ayında başlayıb və ən azı bir il davam edəcək.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.