Siyasi Texnologiyalar Mərkəzi #hamıişinigörsün layihəsi çərçivəsində həyata keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb
Mərkəzin prezidenti Vəli Əlibəyovun verdiyi məlumata görə, ölkə QHT-lərinin əksəriyyətinin kommunikasiya fəaliyyətlərində sıxıntı yaşadıqlarının şahidi olduqlarından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə araşdırma həyata keçiriblər.
Layihə çərçivəsində QHT-lər və media mənsubları arasında sorğuların keçirilməsi, QHT-lərin son 3 il ərzində mətbuat və sosial media ilə münasibətlərinin monitorinqi, zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi, müşahidə və ekspertlərlə müsahibələr həyata keçirilib.
QHT nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, sorğuya qoşulan QHT-lərin 70 faizi layihələrin icrası zamanı media ilə əməkdaşlıq edir.
Media ilə əməkdaşlıq etməyən 30 faiz QHT təmsilçisi bunu “Mediada məlumatların yerləşdirilməsinin ödənişli olması” (70 faiz), “Media ilə münasibətlər qurmaqda çətinlik çəkirik” (25 faiz), “Medianın QHT-lərin fəaliyyətinin işıqlandırılmasına az maraq göstərmələri” (5 faiz) ilə izah ediblər.
“Adətən, media ilə əməkdaşlığınız hansı əsaslarla həyata keçirilir?” sualına QHT nümayəndələrinin 85 faizi “Ödənişli əsaslarla”, 11 faizi “Qarışıq”, 4 faizi isə “Ödənişsiz əsaslarla”cavabını veriblər. Sorğuda iştirak edən QHT-lərin 60 faizində media ilə işləyən və ya iş təcrübəsi olan əməkdaşlar var.
Sorğuya qatılan QHT-lərin 35 faizinin veb səhifəsi, 40 faizinin “Facebook”, 5 faizinin “İnstaqram”, “Tvitter”, “Youtube” kimi sosial şəbəkə və platformalarda profil və kanalları var.
Təşkilatlarının sayt və sosial şəbəkə profillərinin aktivlik göstəricisi sualına cavab verən QHT təmsilçilərinin 5 faizi həftə ərzində 1-5, 15 faizi ayda 1-10 dəfə, 30 faizi isə ancaq layihələr zamanı məlumat paylaşdıqlarını qeyd ediblər. Sorğuda iştirak edən QHT-lər arasında saytlarında hər gün məlumat paylaşanlar yoxdur. Profil mövcud olsa da “paylaşımlar edilmir” cavabını qeyd edənlərin göstəricisi 25 faizdir.
“Təşkilatınızın fəaliyyəti və layihələrinin cəmiyyətə çatdırılması səviyyəsindən razısınızmı?” sualına sorğuda iştirak edən QHT-lərin 60 faizi “qismən razıyam”, 15 faizi – “tam razıyam”, 20 faizi – “razı deyiləm” cavabını veriblər. 5 faiz isə ümumiyyətlə, “cavab verməkdə çətinlik çəkdiyini” bildirib.
Media nümayəndələrinin qatıldığı sorğuda “QHT-lərin icra etdikləri layihələr barədə məlumatlarla tez-tez rastlaşırsınız?” sualına cavabların faizlə nisbəti belə olub: – “Demək olar ki, hər gün” – 2,5 faiz, “kifayət qədər tez-tez” – 15 faiz, “ara bir” – 30 faiz, “nadir hallarda”- 50 faiz, “son dəfə rastlaşdığımı xatırlamıram” 2,5 faiz.
“QHT-lərin icra etdikləri layihələr barədə məlumatlarla daha çox harada qarşılaşırsınız” sualına cavablar aşağıdakı kimi olub:
– Bizə göndərdikləri press-relizlərdə – 10 faiz;
– Başqa KİV-lərdə – 15 faiz;
– QHT-lərin facebook profillərində – 10 faiz;
– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məlumatlarında – 65 faiz.
“Sizcə, QHT-lərin fəaliyyətinin KİV-də işıqlandırılması cəmiyyət üçün vacibdirmi” sualına media mənsubları yekdilliklə “vacibdir” cavabını veriblər.
“Rəhbərlik etdiyiniz KİV hansısa QHT (ictimai birlik) ilə əməkdaşlıq edirmi” sualına respondentlərin 25 faizi belə bir əməkdaşlığın mövcudluğunu, 75 faizi isə olmadığını bildiriblər.
QHT-lərlə əməkdaşlıq etməyən KİV təmsilçilərinin 65 faizi bunu belə bir müraciətin olmaması, 10 faizi təqdim edilən materialların KİV-in profilinə uyğun gəlməməsi, 25 faizi isə həmin materialların keyfiyyətinin aşağı olması ilə əlaqələndiriblər.
QHT-lərlə əməkdaşlıq edən KİV-lərin 78 faizi bunu ödənişli, 16 faizi ödənişsiz əsaslarla, 6 faizi isə hər iki variantdan istifadə etməklə həyata keçirdiklərini qeyd ediblər.
“QHT-lərin tədbirlərinin işıqlandırılması ilə bağlı tez-tezmi müraciət olunur? sualına 11 faiz – “mütəmadi”, 28 faiz – “nadir hallarda”, 61 faiz isə “müraciət edilmir” cavablarını veriblər.
“Rəhbərlik etdiyiniz KİV-ə QHT-lər tədbir və layihələri barədə tez-tezmi press-relizlər göndərirlər?” sualına media rəhbərlərinin 5 faizi “mütəmadi”, 42 faizi – “nadir hallarda”, 53 faizi isə “göndərilmir” deyə bildiriblər.
Növbəti sualla KİV rəsmilərindən “QHT-lər öz fəaliyyətlərini cəmiyyətə tanıtmaq üçün nə etməlidirlər” soruşulub. Üstünlük təşkil edən cavablar bunlardır – “Birbaşa əlaqələr, üz-üzə söhbət və iş aparılmalıdır”, “Media ilə ünsiyyətə özləri təşəbbüs göstərməlidirlər”, “QHT-lər öz fəaliyyətini KİV-də mütəmadi işıqlandırmalı, maarifləndirici tədbirləri davamlı keçirməli, dövlət və cəmiyyət arasında körpü rolunu oynamağı bacarmalı, cəmiyyətə faydalı, nəticəyönümlü işlər görməlidirlər”, “Fəaliyyətlərini düzgün qurmalıdırlar”.
Araşdırmalarımızın növbəti mərhələsində son üç ildə layihələr icra edən 10 təsadüfi QHT-nin mətbuat və sosial mediada gördüyü işlərin monitorinqi həyata keçirilməli, fəaliyyətləri qiymətləndirilməli, zəif və güclü tərəfləri müəyyən edilməli idi. İlkin araşdırma zamanı məlum oldu ki, 10 QHT-nin fəaliyyətinin təhlili bizə yetərincə məlumat verməyəcək. Bu səbəbdən araşdırmaya cəlb edilən QHT-lərin sayı çoxaldılaraq 80-ə çatdırıldı.
Beləliklə, 80 QHT-dən 27-sinin veb-saytı olduğu qeyd olunsa da, onlardan cəmi 19-u aktivdir. 8 veb-sayta, ümumiyyətlə, daxil olmaq mümkün deyil.
27 veb-saytın təhlilindən əldə etdiyimiz nəticəcəyə görə, onlardan 9-unun aktivliyi qənaətbəxş sayıla bilər. Yəni, QHT-lər saytlarında həm öz layihələri barədə məlumat yayır, həm də fəaliyyət sahələrinə uyğun materiallar paylaşırlar. Paylaşımlara gəldikdə, bu saytlarda ayda azı 2-3 dəfə yenilənmə olur. Qalan 18 saytda isə yenilənmələr ancaq layihələrin icrası zamanı edilir.
80 QHT-dən yalnız 37-sinin “Facebook” sosial şəbəkəsində profili mövcuddur. Onlardan da 15-i aktiv, 12-si zəif fəaliyyət göstərir, 10-u isə, ümumiyyətlə işləmir.
QHT-lərin layihələrinin mətbuatda işıqlandırma göstəricilərinin araşdırılmasından məlum oldu ki, layihə qazanan 80 təşkilatdan 60-nın məlumatları mediada işıqlandırılıb. Əksər hallarda, bir layihə barədə 2-3 mediada məlumatın yayılmasını nəzərə alsaq deyə bilərik ki, bunlar da Agentliyin büdcədə informasiya yayımı xidməti üçün nəzərdə tutduğu bənddəki maliyyə hesabına baş tutub. Onu da qeyd edək ki, ödənişli əsaslarla məlumatların çap olunduğu KİV-lərin əksəriyyəti cəmiyyətdə tanınmır və geniş oxucu kütləsinə malik deyil. Cəmi 4 QHT-nin xəbərləri 5 və daha artıq mediada işıqlandırılıb ki, bunun da səbəbi məlumatların maraqlı olması, bu təşkilatların KİV-lə ardıcıl əməkdaşlıq etməsi ilə əlaqədardır.
N ə t i c ə
Araşdırmalarımızın yekununda əldə etdiyimiz bütün məlumatları təhlil edərək aşağıdakı nəticələrə gəldik:
– QHT-lərin KİV-lə əlaqələri lazımi səviyyədə deyil;
– Əksər QHT-lərin KİV-lə əməkdaşlığı ödənişli əsaslarda həyata keçirilir;
– Əksər QHT-lərin KİV-lə əməkdaşlıq vərdişləri zəifdir;
– Əksər QHT-lər KİV üçün maraqlı və keyfiyyətli məzmun hazırlaya bilmir;
– Əksər QHT-lər məlumatlarının yayılması üçün alternativ informasiya kanallarından istifadə etmir;
– Əksər QHT-lərin saytı yoxdur, saytı olanların da əksəriyyəti onu vaxtaşırı yeniləmir;
– Əksər QHT-lərin alternativ informasiya kanalları kimi istifadəsi mümkün facebook, instaqram və başqa sosial şəbəkələrin imkanlarından ya ümumiyyətlə istifadə etmirlər, ya da tam istifadə edə bilmirlər;
– Əksər QHT nümayəndələrinin də etiraf etdiyi kimi, QHT-lərin fəaliyyətlərinin cəmiyyətə çatdırılması qənaətbəxş sayıla bilməz və s.
Layihənin son mərhələsində QHT nümayəndələri üçün “QHT-lərin KİV və sosial media ilə işləmək bacarıqlarının artırılması” mövzusunda təlim keçiriləcək, eyni mövzuda kitab çap ediləcək.