Taekvondo üzrə Dünya Çempionatına son 7 gün
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatının başlamasına 7 gün qalıb.
Bir çox beynəlxalq idman yarışına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda baş tutacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.
Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq taekvondoçu aktivinə 140 reytinq xalı əlavə edəcək. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.