EventsMusiqiMədəniyyətTəqdimat

Muğam Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın solo konserti keçirilib

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqdar keçirilən tədbirlər çərçivəsində  Xalq artisti Nəzakət Teymurovanın “Qəlb aynası” adlı solo konserti keçirilib.

Tədbiri giriş sözü ilə açan  Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, dramaturq İlqar Fəhmi Nəsimi poeziyasının dərinliyindən danışaraq, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Konsertdə Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın  ifasında İmadəddin .Nəsiminin “Dilbəra mən səndən ayrı”, “Məndə sığar iki cahan”,  “Qafil oyan”, “Qəlb aynası”,  “Yarımı buldum” və digər şerlərinə bəstələnmiş mahnılar və maraqlı musiqi nömrələri  səsləndi.

Müşayiət edirdi Eyvaz Həşimovun (zərb alətləri) bədii rəhbərliyi altında “Hicaz” qrupu  – Əməkdar artist Əliaga Sədiyev (tar), Əməkdar artist Elşən Mansurov (kamança), Elnur Hüseynov (piano),  Azad Yusubov (bass, vocal), Sabir Tarverdiyev (piano).

Konsert musiqisevərlər tərəfindən  böyük maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  etməkdədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!