Günel Məmmədhəsənova “Made in Azerbaijan” brendini Londonda təqdim etdi

Ticarət sərgisi Britaniya Parlamentinin Lordlar Palatasında Böyük Britaniyanın Avrasiya regionu ölkələri ilə ticarət münasibətlərinə həsr edilmiş müzakirələr çərçivəsində keçirilib. Müzakirələrdə Böyük Britaniyanın beynəlxalq ticarət məsələləri üzrə dövlət naziri, Lordlar Palatasının və Nümayəndələr Palatasının üzvləri, Gürcüstan, İsrail, Serbiya, Özbəkistan, Moldova və Qırğız Respublikasının Böyük Britaniyadakı səfirləri, Azərbaycan və Qazaxıstanın diplomatları çıxış ediblər.

Çıxışlarda Böyük Britaniyanın Avrasiya regionunu təmsil edən ölkələrlə, eyni zamanda Azərbaycan Respublikası ilə ikitərəfli ticarətinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və bir sıra təkliflər dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycanın Londondakı səfirliyinin əməkdaşı Polad Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri haqqında danışıb, iki ölkə arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Britaniyanın Azərbaycana yatırılan xarici sərmayələrin həcminə görə lider ölkə olduğu, enerji sektoru başda olmaqla müxtəlif sahələrdə faydalı tərəfdaşlıq münasibətlərinin post-Brexit dövründə daha da inkişaf edəcəyinə inam ifadə edilib. Azərbaycanda son illərdə həyata keçirilən geniş və sürətli iqtisadi islahatların xarici sərmayədarlar üçün biznes mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyatın müxtəlif parametrləri üzrə beynəlxalq reytinqinin yüksəlməsinə gətirib çıxardığını qeyd edib. Azərbaycanın yaxın tərəfdaş ölkə kimi Britaniya ilə gələcəkdə də çoxşaxəli münasibətlərini daha da genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb.

Ticarət sərgisində Azərbaycan Respublikası “Made in Azerbaijan” brendi ilə yerli məhsullarından ibarət xüsusi stendlə təmsil olunub. Həmin stenddə bu günlərdə fəaliyyətinin 30 illiyini qeyd etmiş, üzümçülük və şərabçılığın inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni Azərbaycanda uğurla davam etdirən, ilk özəl üzümçülük və şərabçılıq şirkətlərindən biri olan “Tovuz-Baltiya” LTD-nin şərab və şərab məhsulları, nar və heyvadan istehsal olunmuş yerli Brendiləri, likorları və s. təqdim edilmişdir.

Sərgidə Azərbaycan stendini təmsil olunmuş digər ölkələrin stendindən fərqləndirən, əsasən, “Tovuz-Baltiya” LTD tərəfindən nardan və heyvadan istehsal olunmuş yerli şərablar və Brendilər olmuşdur. Belə ki, sözügedən bu məhsullar tədbirdə iştirak etmiş səfirlərin, dövlət nümayəndələrinin, nazirlərin, Lordlar Palatasının üzvlərinin eləcə də, digər dövlət rəsmilərinin xüsusi marağına səbəb olmuşdur. Tədbirdə çıxış edən “Tovuz-Baltiya” LTD-nin nümayəndəsi Günel Məmmədhəsənova “Made in Azərbaijan” brendini və yerli məhsulları yüksək səviyyədə təşviq və təbliğ edərək, ekoloji baxımdan təmiz və bütün Avropa standartlarına cavab verən yerli məhsullarımız haqqında iştirak tədbir iştirakçılarında xoş təəssürat oyadıb, onlara Azərbaycanda dövlət başçısı tərəfindən neft sektorunda olduğu kimi, qeyri-neft sektorunda da aparılan uğurlu islahatlar və bu islahatlar fonunda ölkədə sahibkarllq mühitinin inkişaf etdirilməsi haqqında ətraflı məlumatlar verib.

“Azərbaycan üzümçülük və şərabçılığın müasirləşdirilməsini həyata keçirir. Məhz bu kimi faktor, tariximizə hörmət, onu yaşatmaq və bərpa etmək üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanda tarixən üzümçülük və şərabçılıq mövcud olub. Azərbaycan Respublikası ilə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı arasında qurulmuş əməkdaşlıq sayəsində xarici əlaqələrimiz artır və biz sahibkarlarda bundan bəhrələnərək “Made in Azerbaijan” milli brendimizi layiqincə beynəlxalq arenada təmsil etməkdən qürur hissi duyuruq”, – deyə Günel Məmmədhəsənova bildirib.

Ölkəmizdə üzümçülük, şərabçılığın inkişaf etdirilməsi üçün müvafiq qurumların birgə fəaliyyət göstərməsini yüksək qiymətləndirən qonaqlar əminliklə bildiriblər ki, bu gün Azərbaycan şərabları yüksək keyfiyyətə və çoxsaylı növlərə malikdir.

Məhz bu səbəbdən, bir çox ölkələr üzümçülük və şərabçılığın uzun tarixi ənənələri olan Azərbaycanla qurduqları əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: