MuğamMusiqiMədəniyyətTəqdimat

UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub

Parisdə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Xalq artisti Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub.

Frame.az xəbər verir ki, konsertdən əvvəl UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının dəyərlərindən danışıb. Qeyd edib ki, bu bayram qardaşlıq, barışıq, mehriban qonşuluq və sülh kimi dəyərləri təşviq edir. Xalqların qarşılıqlı anlaşmasına, insan ləyaqətinə hörmətə, mədəniyyətlərin paylaşmasına əsaslanan bəşəri mənəvi həmrəylik sayəsində davamlı sülhə nail olmaq mümkündür.

Bildirib ki, UNESCO-nun yaxınlaşma, dialoq və qarşılıqlı anlaşma kimi missiyasına uyğun olduğu üçün Novruz qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya təqdim olunub və 2009-cu ildə bu siyahıya daxil edilib.

Səfir Novruz bayramında muğam konsertinin təşkil edilməsinin də təsadüf olmadığını vurğulayıb. Muğamın da qurumun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilməsindən danışıb.

A.Kərimov dinləyicilərə muğam ustadı Alim Qasımov haqqında məlumat verərək, onun təkcə regionumuzda deyil, eyni zamanda Avropada, eləcə də ABŞ, Kanada, Yaponiya kimi dünyanın bir çox ölkələrində tanındığını bildirib.

Sonda diplomat konsertin təşkilində əməyi olan UNESCO-nun katibliyinə, Azərbaycanın Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasına, FMİCA və Orta Şərq və Avropa üzrə ixtisaslaşmış Müasir İncəsənət İnstitutuna (SAFPEM) təşəkkürünü bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, bu bayramın baharın gəlməsinin müjdəçisi olmaqla yanaşı, eyni zamanda sülh, dostluq və əmin-amanlığı təbliğ etdiyini vurğulayıb. Nazir müavini Novruz bayramının tarixindən, ölkəmizdə keçirilməsi ənənələrindən də bəhs edib. Muğam musiqisindən, onun nəyə qadir olmasından, hansı kökə, tarixə məxsusluğundan danışıb.

Tədbirdə UNESCO-nun xarici əlaqələr bölməsinin direktoru Genc Seiti, İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və muğamdan söz açıblar.

Sonra “Yeddi gözəl” muğam konserti oldu. Zəki Vəliyev (tar), Cavidan Nəbiyev (dəf) və Mirsəid Xavərin (kamança) müşayiəti ilə Azərbaycan Xalq artisti Alim Qasımov “Mahur”, “Şüştər” muğamlarını və “Zabul” üstündə təsniflər ifa edib. Muğam ustadı həmişə olduğu kimi yenə də dinləyicilərin qəlbini fəth edib. Ecazkar ifası ilə musiqisevənlərin ruhunu qidalandırıb.

Qeyd edək ki, ustad və novator sənətkar Alim Qasımov 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülüb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!