Xalq artisti Şövkət Ələkbərovaya həsr olunmuş gecə keçirilib
Beynəlxalq Muğam Mərkəzi «Unudulmayanlar» adlı yeni irimiqyaslı layihə həyata keçirir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır.
Mayın 14-də layihə çərçivəsində Xalq artisti, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Şövkət Ələkbərova 1922 – ci ildə Bakı şəhərində anadan olub. 14 yaşında ikən ailəsinin məsləhəti ilə kamançada ifa etmiş,16 yaşından isə müğənniliyə başlamışdır.
1937 – ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqının bədii özfəaliyyət kollektivlərinə baxış keçirilmiş, yekun konsert isə 1938 – ci ildə Akademik Opera və Balet Teatrının səhnəsində olmuşdur. “Qarabağ şikəstəsi” ni məharətlə oxuyan gənc Şövkət qaliblərdən biri seçilmişdir. Münsiflər heyətində dahi Üzeyir Hacıbəyli ,Bülbül və Səid Rüstəmov əyləşmişdi.Üzeyir bəyin diqqətini cəlb edən Şövkət Ələkbərova sonralar böyük bəstəkarın yanına dəvət edilmiş və beləliklə onun böyük səhnəyə gedən yolu başlamışdır.
Şövkət xanım ilk musiqi təhsilini musiqiçi,Üzeyir Hacıbəyovun dayısı Ağalar bəy Əliverdibəyovdan almışdır.Sonralar Asəf Zeynallı adına musiqi məktəbinə daxil olan Şövkət Ələkbərova muğam sənətinin sirlərini , görkəmli aktyor və xanəndə Hüseynqulu Sarabskidən almışdır.
1938 – 1945 – ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında ,1945 – ci ildən isə Azərbaycan Dövlət Flarmoniyasının solisti olan Şövkət Ələkbərova “Mirzəhüseyn Segahı”, “Qatar”, “Şahnaz” muğamlarını və “Kəsmə şikəstə”ni lentə yazdırmışdır. Şövkət xanım xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. Əksər Azərbaycan bəstəkarlarının mahnıları ilk dəfə məhz onun ifasında səslənmişdir. Şövkət xanım 20 dən cox xarici ölkədə qastrol səfərində olmuş və Azərbaycan musiqisini ləyaqətlə təmsil etmişdir.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Şövkət xanım bir çox istedadlı tələbələr yetişdirmişdir.
Gecəni Azərbaycan Yazıçılar və Jurnalistlər Biriliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı aparıb. Tədbir Cahangir Cahangirovun Məhəmməd Füzulinin sözlərinə yazılmış “Füzuli” kontatası ilə açılıb. Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Şövkət Ələkbərovanın ifası rejissorlar tərəfindən bir çox filmlərdə istifadə olunmuşdur.Şövkət xanımın bədii filmlərdə istifadə edilmiş ifalarından hazırlanmış video-çarx da tamaşaçıların marağına səbəb olub. Şövkət Ələkbərovanın kino yaradıcılığı haqqında kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə məlumat verib.
“Xan Şuşinski ” fondunun rəhbəri ,böyük xanəndənin qızı Bəyimxanım Cavanşirova Verdiyeva atası ilə Şövkət xanım Ələkbərova arasında olan yaradıcılıq və dostluq münasibətindən danışıb.
Musiqişünas,professor, görkəmli bəstəkar Emin Sabitoğlunun qızı Ceyran Mahmudova Şövkət xanımın mahnı yaradıcılığının bədii – estetik xüsüsiyyətləri haqqında fikirlərini bölüşüb.
Gecədə Əməkdar artistlər Gülüstan Əliyeva,Nuriyyə Hüseynova,İlahə Əfəndiyeva,Almaz Orucova,xanəndələr Kamilə Nəbiyeva,Sərxan Bünyadzadə Şövkət Ələkbərovanın repertuarından mahnılar səsləndiriblər.
Şövkət Ələkbərovanın nəvəsi ,ADA Univerisitetinin tələbəsi Şövkət Səfərova çıxış edərək, nənəsinin xatirəsinə göstərilən diqqət və qayğı üçün ölkə rəhbərinə ailəsi adından təşəkkür edib.Tədbiri Azərbaycan Dövlət Akademik Filarmoniyasının ansamblı müşayiət edib.Ansamblın bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayevdir.
Gecə tamaşaçılar tərəfindən dəfələrlə sürəkli alqışlarla müşayiət olunub.
Frame.az