V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında 29 ölkədən 75 film iştirak edir

Nizami Kino Mərkəzində sentyabrın 7-də V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirildi.

Festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın devizi “Bir bilet – bir ağac”dır.

Açılış tədbirində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, xarici ölkələrdən qonaqlar və kinosevərlər iştirak edirdi.

Tədbirdə əvvəlcə kamançaçı, Əməkdar artist Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən ustad dərsləri layihəsində iştirak edən istedadlı gənclərdən ibarət xalq çalğı alətləri ansamblının ifası təqdim olundu.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, Azərbaycan kinematoqrafiyası dünya kinematoqrafiyasının tərkib hissəsidir. Bu sahənin inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması çox vacibdir: “Artıq ekran məzmunlu əsərlər ənənəvi kitablarla böyük rəqabət aparır və demək olar ki, bu rəqabətdən qalib ayrılır. İnsanlar daha çox ekran qabağında vaxt keçirir. Ekran qabağında olan insan ekranda gördüyü məzmunla bərabər olur, dəyərləri və fikirləri onun əsasında formalaşır. Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə və ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsinin digər özəlliyi ondan ibarətdir ki, ən kiçik yaşlı uşağı və ən böyük yaşlı insanı bir araya gətirə bilir. Onlar ekran qabağında bir yerdə otura bilirlər. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir”.

Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyi olaraq məqsədimiz animasiyaya böyük yol açmaqdır: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kino Agentliyi yaradılır. Agentliyin əsas məqsədi kinematoqrafiya sahəsini sənayeləşdirməkdir. Bununla sözügedən sahə daha çox inkişaf edəcək. Mədəniyyət Nazirliyi tərəfindən keçən il “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi keçirildi. Müsabiqədə “Tarix” və “Qarabağ nağılı” adlı iki animasiya ssenarisi qalib oldu. Həmin ssenarilər əsasında filmlərin istehsalı davam edir. Bu il də yeni bir animasiya filminin istehsalına başlamışıq. Yəni Mədəniyyət Nazirliyi bu sahədə öz imkanları çərçivəsində vacib addımlar atır”.

Elnur Əliyev çıxışının sonunda festivalın işinə uğurlar arzuladı.

Sonra tədbir iştirakçıları iqlim dəyişikliyi ilə bağlı “Kimsə bizdən soruşsun”, “Qorxu pəriləri”, “Donuz”, “Kəpənəyin qanadları” animasiya filmlərini izlədirlər.

Qarabağ Dirçəliş Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirdi ki, V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mövzusundan əlavə maraqlı və anlamlı kompaniyası da var. Belə ki, bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək: “Vəsait Qarabağ ərazisində ağac əkilməsinə istifadə olunacaq. Təbiətin dostu olan hər kəsi bilet alaraq bu mühüm təşəbbüsü dəstəkləməyə dəvət edirik. Əldə etdiyiniz hər bilet Qarabağı daha yaşıl bərpa etməyə imkan verəcək. Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik”.

Pərvin Məmmədova Qarabağ Dirçəliş Fondu ilk layihəsinin Qarabağımızda ekoloji tarazlığın bərpasına həsr olunduğunu dedi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər çıxdığımız bu yolda layihələrimiz davam edir. Biz bu layihəyə Zəngilandan başlamışdıq. Zəngilanda artıq 30 min ağac əkilib. Qarabağımızın digər ərazilərində də bu ənənə davam edəcək”.

Festivalın təsisçisi və direktoru, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin sədri Rəşid Ağamalıyev və festivalın art-direktoru Nəzrin Ağamalıyeva V ANİMAFİLM festivalı haqqında məlumat verdilər. Qeyd olundu ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqlar üç əsas proqram təqdim edəcək. Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar.

Bildirildi ki, ölkəmizdən 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. Digər kateqoriyalarda pul mükafatı, planşetlər və keramik heykəlciklər təqdim ediləcək.

Nəzrin Ağamalıyeva çıxışının sonunda 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun “Gender bərabərliyi”nə həsr olunacağını diqqətə çatdırdı.

İsveçrə Əməkdaşlıq Təşkilatı Bakı ofisinin rəhbəri Alberto Hernandez və “Val” animasiya filminin rejissoru Jonathan Laskar festival haqqında fikirlərini bölüşdülər.

Sonda “Val” filmi nümayiş olundu.

Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarnın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilly Vallace (İngiltərə) və Nəzrin Ağamalıyeva (Azərbaycan) iştirakı ilə “Stop montion” və “Şüşə üzərində animasiya” vorkşopları da nəzərdə tutulub. “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da festivalın əsas proqramına daxil edilən tədbirlərdəndir.

Festivalın media tərəfdaşları “Baku” və “Nargis” jurnallarıdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: