WUF13-ün üçüncü günü çərçivəsində 160-dan çox tədbir keçirilib
Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum da imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Azərbaycan pavilyonunda həmçinin “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbir keçirilib. Sessiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış ediblər. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, əhalinin doğma yurdlarına qayıdışı və regionun inteqrasiya olunmuş inkişafı məsələləri müzakirə olunub.
Həmçinin, “Qlobal Mənzil Böhranı: Plan Nədir?” adlı dialoq təşkil edilib.
Tədbirdə iştirak etmiş liderlər və ekspertlər hamı üçün yetərli mənzil təminatının yaxşılaşdırılmasına yönəlmiş praktik yanaşma və həll yollarını müzakirə ediblər. Sessiya interaktiv şəkildə təşkil olunub və iştirakçılara öz fikirlərini ifadə etmək imkanı verilib. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli üçün beş əsas istiqaməti vurğulayıb. O bildirib ki, bu istiqamətlərə inteqrasiya olunmuş siyasətlərin hazırlanması, yalnız yeni mənzil tikintisi ilə məhdudlaşmayan yanaşmaların tətbiqi, torpaq idarəçiliyi və mülkiyyət hüquqlarının qorunmasının gücləndirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin iqlim və mənzil siyasətlərinin paralel şəkildə həyata keçirilməsi daxildir.
Eyni zamanda, “Mənzilin sosial və iqtisadi gücü: Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda dialoq keçirilib. Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edib. Tədbirdə müharibədən sonrakı dövrdə yaşayış məntəqələrinin bərpası, sosial inklüzivlik, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları, eləcə də mənzil təminatının iqtisadi inkişaf və rifahın artırılmasındakı rolu müzakirə olunub.
Forum çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (Sustainable Development Solutions Network – SDSN) direktoru Cefri Saksın iştirakı ilə “Şəhərlərin Gələcəyi üzrə Tərəfdaşlığın Başlanğıcı” mövzusunda mətbuat konfransı keçirilib. Mətbuat konfransında inklüziv, dayanıqlı və rəqəmsal urbanizasiya yanaşmaları, şəhərlərin qlobal çağırışların həllində rolu, eləcə də Yeni Şəhərsalma Gündəliyi və dayanıqlı inkişaf məqsədlərinin icrası istiqamətində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Bundan əlavə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı” açıqlanıb. Hesabatda qlobal mənzil böhranının çoxölçülü xarakter daşıdığı, demoqrafik dəyişikliklər, ekoloji təzyiqlər və dəyişən iqtisadi şərait fonunda daha da dərinləşdiyi vurğulanır.
Forumun üçüncü gününün proqramında müxtəlif regional və tematik qrup görüşləri də yer alıb. Qrup görüşləri çərçivəsində Ərəb ölkələri, Şərqi Avropa və Mərkəzi Asiya regionu, qadınlar, uşaq və gənclər, yerli xalqlar, eləcə də əlilliyi olan şəxslər üzrə qrup görüşlərində mənzil əlçatanlığı, demoqrafik dəyişikliklər, iqlim riskləri və infrastruktur çatışmazlıqları da daxil olmaqla müxtəlif qlobal çağırışlar üzrə fikir mübadilələri aparılıb.
WUF13 çərçivəsində həmçinin WUF Akademiyası, Şəhərlərin səsi, DİM-lərin tətbiqi, Şəhər kinoteatrı, Şəhər kitabxanası, BMT-nin Məskunlaşma Proqramının arenası, Təcrübə mərkəzi, Biznes və innovasiyalar mərkəzi nəzdində müxtəlif tədbirlər təşkil olunub.

