Yeni Klinika və Almaniyanın Manhaym Tibb Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniya Federativ Respublikasında səfəri çərçivəsində baş tutub.
TƏBİB-dən Frame.az-a bildirilib ki, Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi ilə tanışlıq çərçivəsində Manhaym Tibb Mərkəzinin direktoru, professor Hans-Yürgen Henneslə görüş keçirilib. Mərkəzin direktoru bildirib ki, mərkəz 200 ildən çoxdur ki, Almaniyada fəaliyyət göstərir və hər il tibb müəssisəsinin 4 800 əməkdaşı tərəfindən 250 000-dən çox pasiyentə ambulator və stasionar müalicə göstərilir. Professor qeyd edib ki, mərkəzdə əsasən üç istiqamətdə (təcili yardım, stasionar müalicə və reabilitasiya) tibbi xidmətlər göstərilir. Eyni zamanda, müəssisəyə tabeli olan 30 klinikanın işçiləri tərəfindən də dünyanın hər bir yerindən gələn xəstələrin müayinə və müalicəsi prosesi həyata keçirilir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə öz növbəsində qarşılıqlı əməkdaşlıq üçün yaradılan şəraitə görə təşəkkür edib, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, TƏBİB-in fəaliyyəti, icbari tibbi sığortanın tətbiqi ilə əldə olunan nəticələr barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev və Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin direktoru, professor Hans-Yürgen Hennes imzalayıb.
Memorandum xəstələrə qulluq və iki dövlət arasında dostluq əlaqələrinin yaxşılaşdırılmasına töhfə vermək məqsədilə klinik proseslərin və xəstəxana fəaliyyətlərinin idarə edilməsi, mütəxəssislərin ixtisaslaşması, çətin klinik patologiyaların müalicəsində interdissiplinar iş üzrə innovativ bilikləri bölüşmək məqsədilə Manhaym Tibb Mərkəzi və Yeni Klinika arasında əməkdaşlığı inkişaf etdirmək üçün şərtləri və anlaşmanı müəyyən edir.
Memorandumun məqsədləri xəstəxana idarəçiliyi sahəsində əməkdaşlıq, birgə tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi, yerli tələbləri nəzərə alaraq, birgə təhsil tədbirlərinin təşkili, Avropa və beynəlxalq səhiyyə layihələri kontekstində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi məqsədilə idarəetmə heyətinin, həkim-mütəxəssislərin, tibb bacılarının və digər səhiyyə işçilərinin mübadiləsi, peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə qısamüddətli kurs və təlimlərdə səhiyyə işçilərinin iştirakını təşkil etməkdən ibarətdir.